AzTU-nun alimləri Almaniyada işgüzar səfərdə olub

Azərbaycan Texniki Universitetinin “Maşınqayırma” fakültəsinin dekanı, dosent Ərəstun Məmmədov, “Maşınqayırma texnologiyası” kafedrasının müdiri, professor Nizami Yusubov, həmin kafedranın professorları Vaqif Mövlazadə və Nəriman Rəsulov, “Metallurgiya və metalşünaslıq” kafedrasının müdiri, professor Sübhan Namazov, “Xüsusi texnologiyalar və avadanlıqlar” kafedrasının dosenti, t.e.d. Fariz Əmirov bu günlərdə Almaniyanın Brandenburq Texniki Universitetində işgüzar səfərdə olublar.

 

AzTU-nun nümayəndə heyəti Brandenburq Texniki Universitetinin tədqiqat və elmi inkişaf üzrə vitse-prezidenti, professor X.Hipp, həmçinin tədris və təhsil üzrə vitse-prezidenti, professor M.Koziol tərəfindən qəbul edilib.

 

Görüş zamanı AzTU ilə BTU arasında maşınqayırma və metallurgiya sahələri üzrə əməkdaşlığın inkişaf perspektivləri və iş planı, ikili diplom verilməsi ilə nəticələnəcək birgə bakalavr və ya magistr hazırlığı üçün tədris planının işlənməsi müzakirə edilib. Danışıqlarda təhsilin doktorantura səviyyəsində birgə mütəxəssislərin hazırlanması, AzTU, BTU, həmçinin digər partnyor universitetlərin də iştirakı ilə birgə elmi-texniki konfransların, tədris-metodiki seminarların və yay məktəblərinin keçirilməsi məsələlərinin vacibliyi xüsusilə vurğulanıb. 

 

Səfər zamanı AzTU və BTU-da maşınqayırma və metallurgiya sahələri üzrə aparılan elmi-tədqiqat işlərinin geniş təqdimatı keçirilib, eyni zamanda nümayəndə heyətinin üzvləri universitetin müxtəlif kafedralarının zəngin laboratoriya bazaları, TAKRAF maşınqayırma zavodu, daş kömür mədənində istifadə olunan, uzunluğu 500 m olan və dünyanın ən iri hərəkət edən F60 qurğusu ilə tanış olublar. 

 

AzTU nümayəndə heyətinin təşəbbüsü ilə “Maşın mühəndisliyi” ixtisasının rəhbəri, “Metalkəsən dəzgahlar” kafedrasının müdiri, professor S.Simonun dəstəyi və təşkilatçılığı ilə Xemnitç Texniki Universitetinin “Metalkəsən dəzgahlar və istehsal prosesləri” İnstitutuna  və Drezden Texniki Universitetinin “Metalkəsən dəzgahlar və idarəetmə texnikası” İnstitutuna bir günlük tanışlıq turları təşkil edilib.

 

Xemnitç TU-də “Metalkəsən dəzgahlar və istehsal prosesləri” İnstitutunun icraçı direktoru, professor Аndreas Hirş və Drezden TU-də “Metalkəsən dəzgahlar və idarəetmə texnikası” İnstitutunun rəhbəri, professor Steffen Ihlenfeldtin rəhbərliyi ilə AzTU-nun nümayəndə heyəti üçün kafedralarda aparılan elmi-tədqiqat işlərinin geniş təqdimatı keçirilib, həmçinin onları kafedraların zəngin laboratoriya bazaları ilə tanış ediblər.

 

Görüşlər zamanı AzTU ilə Xemnitç və Drezden TU arasında əməkdaşlığın maşınqayırma və metallurgiya sahələri üzrə inkişaf perspektivləri geniş müzakirə edilib.



30.03.2018 | 14:58