GDU-da maarifləndirici tədbir

Gəncə Dövlət Universitetində prokurorluq orqanlarının fəaliyyətinə həsr edilmiş maarifləndirici tədbir keçirilib.

 

Tədbirdə Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Fazil Həsənəliyev,  Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

 

Respublikanın hüquq mühafizə orqanlarının rəhbər və əməkdaşlarının ali təhsil müəssisəsinin kollektivi ilə təşkil olunmuş görüşlərinin, müxtəlif mövzulara həsr olunmuş maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov prokurorluq orqanının cinayət hallarının qarşısının alınmasında, eləcə də dövlətdə və cəmiyyətdə milli təhlükəsizlik sisteminin qorunmasındakı fəaliyyətindən danışıb.

 

Tədbirdə çıxış edən Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri Fazil Həsənəliyev bildirib ki, xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilib, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutub.

 

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova çıxış edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda ölkə rəhbəri, Prezident İlham Əliyev tərəfindən uğurla icra olunan gənclər siyasətindən söz açıb. . “Hər bir gənc bilməlidir ki, onun əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirmək, onu qorumaqdır. Daxili sabitliyinin qorunmasında hər birimiz maraqlı olmalı, bu istiqamətdə əlimizdən gələni əsirgəməməliyik. Çünki təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın, iqtisadiyyatın, ümumilikdə ölkənin inkişafı buna bağlıdır. Bu gün Azərbaycan beynəlxalq aləmdə müsbət imic formalaşdırıb. Bu imicin qorunub saxlanılması istiqamətində də gənclərin üzərinə böyük iş düşür. Bu gün gənclər ölkədə aparıcı qüvvəyə çevrilirlər. Ölkə gəncləri  daha təşəbbüskar, ictimai-siyasi həyatda daha fəal olmalı, müxtəlif sahələrdə Azərbaycanın adını yüksəltməli və Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidirlər”, – deyə Vəfa Abbasova qeyd edib.

 

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 



27.02.2019 | 18:32