Azərbaycanlı tələbələr Semmelveis Universitetinin sertifikat və diplomlarına layiq görülüblər

Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Ədalət Gəncəliyev və hərbi tibb fakültəsinin IV kurs tələbəsi Varis Əsgərli Budapeştdə keçirilən beynəlxalq konfransa qatılıblar. Budapeştin Semmelveis Universitetinin Tələbə Elmi Cəmiyyəti Assosiasiyası tərəfindən təşkil edilən beynəlxalq konfransda onların cərrahi xəstəliklər fənni üzrə professor Fariz Camalovun elmi rəhbərliyi altında təqdim etdikləri “Ezofaqeal divertikula” mövzusundakı elmi işi maraqla qarşılanıb. Azərbaycanlı tələbələr çox nadir halda təsadüf edilən patoloji çatışmazlığın cərrahi üsulla aradan qaldırılması haqqında   çıxış ediblər. Konfransda Almaniya, Macarıstan, Rusiya, Ukrayna və digər ölkələrdən dəvət olunmuş professorların məruzələri dinlənilib və diskussiyalar aparılıb, tələbələrə laparoskopik bacarıqlar əsasında təlim keçirilib. Təlimin sonunda keçirilən yarışda tələbələrimiz yüksək fəallıq nümayiş etdirərək II yeri qazanıblar.  Onlar Semmelveis Universitetinin sertifikat və diplomlarına layiq görülüblər.

 

Sifai SƏFƏROVA



28.02.2019 | 17:03