Dərslərini Amerika kurikulumu ilə keçən müəllim

Tanıtım. Günel Baxşəliyeva - 7 noyabr 1983-cü ildə Yevlax şəhərində anadan olub.  2000-ci ildə orta məktəbi bitirib. Elə həmin ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək Lənkəran Dövlət Universitetinin (LDU) biologiya fakültəsinə daxil olub. LDU-nu  2004-cü ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Bakı Dövlət Universitetinin “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə magistraturasına daxil olub. Amerikanın Təhsil və Mədəniyyət Departamentinin - “Təhsildə Keyfiyyət və Nailiyyət proqramı”nın (TEA program) qalibi olan 3 müəllimdən biridir və Birləşmiş Ştatlarda təlimlərdə iştirak edib. 

 

 

Ölkəmizdə müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində görülən davamlı işlər Azərbaycan gənclərinin bu sahədə öz uğur hekayələrini yazmaları ilə müşayiət olunmaqdadır. Bu sırada biz yenilikləri pedaqoji fəaliyyətində həvəslə tətbiq edən, daim özünü inkişaf etdirən novator müəllimləri görürük. Onlardan biri də hazırda Yevlax rayonunda işləyən biologiya müəllimi Günel Baxşəliyevadır.

 

 

2 hədəf və seçilən 3 müəllimdən biri

 

 

Bakı Dövlət Universitetində oxuduğum illərdə həm magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirməyi, həm də ingilis dilinə mükəmməl yiyələnməyi qarşıma məqsəd qoymuşdum. Ona görə də  bütün diqqətimi təhsilə yönəltmişdim. Nəhayət, 2007-ci ildə həm magistratura təhsilimi fərqlənmə diplomu, həm də üç il ərzində oxuduğum İngilis dili kursunu yüksək nəticə ilə bitirdim.

 

Məktəbdə 12 illik pedaqoji fəaliyyət dövrümdə bir neçə dəfə rayon səviyyəsində müasir təlim metodları və İKT vasitələrini tətbiq etməklə biologiya fənnindən “açıq dərs”lər təşkil etmişəm. “Açıq dərs”lərin təşkilində fəal iştirak etdiyim üçün məktəb rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif olunmuşam. Məktəbimizdə dəqiq elmləri tədris edən müəllimlər arasında ingilis dilini üstün səviyyədə bilən müəllim kimi 2017-ci ildə Amerikanın Təhsil və Mədəniyyət Departamentinin təşkilatçılığı ilə orta məktəb müəllimləri üçün TEA (“Təhsildə Keyfiyyət və Nailiyyət”) proqramında özümü sınamaq qərarına gəldim və proqramın qalibi olaraq seçildim. Qeyd etmək istərdim ki, 80- dən çox ölkənin orta məktəb müəllimlərinin qatıldığı 6 həftəlik proqramda Azərbaycandan uğurlu müsahibəsinə və TOEFL imtahan nəticəsinə görə seçilən üç şanslı müəllimdən biri oldum. Amerikanın təhsil sahəsində  ən öndə gedən ştatlarından biri olan, dünyaca məşhur Harvard Universitetinin yerləşdiyi Massaçusets ştatında 6 həftəlik təlim fəaliyyəti dövrümdə Massaçusets Universitetində, Lovell  Universitetində və Chelmsford adına orta məktəbdə (High School) biologiya dərslərində iştirak etmək, amerikalı  həmkarlarımla müqayisəli şəkildə təlim üsullarını və metodlarını öyrənmək və bölüşmək imkanı qazandım. Təlimlərdə mən nəinki dil, texnoloji bacarığımı inkişaf etdirdim, eləcə də Amerikanın mədəniyyəti, tarixi, adət və ənənələri, insanların düşüncələri, həyat tərzi və s. haqqında bu qısa vaxtda çox şey öyrəndim. Orada professorların tələbələri ilə çox sadə davranması, onlara bacardığı qədər kömək göstərməsi də diqqətimi çəkirdi.

 

 

Amerika auditoriyasına Azərbaycan həqiqətlərini  çatdırdım

 

 

Amerikanın nüfuzlu ali məktəblərindən olan Massaçusets Texnologiya İnstitutu (MİT) və onun nəzdində olan orta məktəblərdə baş tutan təlimlərin Azərbaycan həqiqətlərinin Amerika auditoriyasına, təhsil ictimaiyyətinə çatdırılmasında  çox böyük əhəmiyyəti oldu. Bu universitet və məktəbdə  Azərbaycanla bağlı təqdimatlarla çıxış etdim. Təqdimatlarımda doğma Vətənimin tarixi, mədəniyyəti, adət və ənənələri haqqında ölkənin ən nüfuzlu ali məktəblərindən sayılan MİT-in  professor-müəllim, tələbə heyətinə və eləcə də şagirdlərə yüksək fəxr hissi ilə məlumatlar verirdim. Çıxışlarımda  ölkəmizi tanıdır və hər fürsətdə torpaqlarımızın 20 faizinin düşmən tapdağı altında olduğunu bu ölkənin savadlı nəslinin diqqətinə çatdırmağa çalışırdım. Onu da deyim ki, şagirdlərin çoxu ölkəmizi tanıyır,  mənə ölkəmizlə bağlı suallar verirdilər. Bununla belə,  həm Vaşinqtonda, həm də Massaçusets ştatında müəllimlərə iki dəfə təmsil etdikləri ölkəni, onun tarixi və mədəniyyətini tanıtmaq üçün təhsil sərgisi təşkil olundu. Bu sərgiyə ştatın ayrı-ayrı ali və orta təhsil müəssisələrindən müəllim və tələbə heyəti dəvət olunmuşdu. Biz bu sərgidə müxtəlif ölkələrin tarixi və mədəniyyəti ilə tanış olduq və ölkələrimizə aid milli atributları amerikalılarla bölüşdük.

 

 

Azərbaycanı hər kəsə sevdirdiyim üçün çox xoşbəxtəm

 

 

Professor-müəllim kollektivinə, orta məktəbdə olan müəllim və şagirdlərə, 21 ölkədən olan, əməkdaşlıq etdiyim xarici həmkarlarıma Xocalı faciəsi haqqında məlumat verib, onlara və digər çox sayda tanış olduğum insanlara bu faciəni özündə əks etdirən məlumat xarakterli  əlyazmalar paylayıb, videoçarxlar nümayiş etdirdim. Həmin gün amerikalı dostlarım və əcnəbi həmkarlarım mənə dəstək olub, Xocalı faciəsini  genosidin ən dəhşətli forması adlandıraraq, hətta Ermənistanın işğalçılıq siyasətini ifşa edən şüarları əllərində tutub mənimlə bərabər şəkil çəkdirməkdən belə çəkinmədilər.

 

Orda olduğum müddətdə doğma Azərbaycanı hər kəsə sevdirdiyim üçün çox xoşbəxtəm! Mən tək Amerikaya yox, 80 ölkədən olan müəllimlərin timsalında həmin ölkələrə də sanki baş çəkmişəm. Beynəlxalq treninqlərdə iştirak etmək müəllimin liderlik qabiliyyətini, özünəinam hissini, pedaqoji sahədə bacarıqlarını daha da möhkəmləndirir. İstər beynəlxalq, istərsə də yerli treninqlərdən sonra insan nələrsə öyrənir və hansısa yeni bacarıqları özündə kəşf etmək imkanı duyur.

 

 

“Knowledge is Power” (“Bilik gücdür”)

 

 

Amerikada  əldə etdiyim bilik və bacarıqlarımı həmkarlarım və şagirdlərimlə bölüşmək mənim üçün daha bir maraqlı hissdir. 2018-ci ildə ABŞ hökumətinin maliyyələşdirdiyi və ABŞ-ın Azərbaycandakı səfirliyinin Beynəlxalq Təhsil üzrə Konsulluğu tərəfindən təşkil edilən “Knowledge is Power” (“Bilik gücdür”) adlı kiçik həcmli təqaüd proqramında Bakı və regionlarda  məskunlaşmış məcburi köçkün məktəblərində şagirdlərə yardım kimi 2 il müddətində ingilis dilini tədris etmək nəzərdə tutulub.  Hazırda Yevlaxda da Kəlbəcərdən olan köçkün ailələrinə mənsub uşaqların təhsil aldığı məktəbdə həftədə iki dəfə ABŞ-da fəaliyyətdə olan kurikulum əsasında dərslər mənim tərəfimdən tədris edilir.

 

 

Yenilikçi müəllim necə olmalıdır?

 

 

Həmişə şagirdlərimə “edə bilmərəm, mümkün deyil” düşüncəsini atıb, “edə bilərəm, öyrənə bilərəm, həllini tapa bilərəm” kimi parlaq və nikbin “linza” ilə ətrafa baxmalarını tövsiyə edirəm. Biz müəllimlər şagirdlərin düşüncə və davranışının formalaşmasında bir modelik. Ona görə də biz nəinki yalnız dərsdə, həm də onların sosial olaraq cəmiyyətdə Vətəninə və xalqına layiqli bir şəxsiyyət kimi formalaşmasında da bir fasilitator olaraq böyük rol oynayırıq.

 

Əgər sürətlə inkişaf edən texnologiya həyatımıza daxil olub, onun sürətini, effektini hər istiqamətdə dəyişə bilirsə, bu, şagirdlərin həyatında da, ümumilikdə bütün təhsildə özünü göstərməlidir.

 

Müasir müəllim irəliləyən texnoloji yenilikləri izləməklə bərabər, ilk növbədə, ona lazım olan əsaslı kompetensiyalara malik olmalıdır. O, həm fənni ilə bağlı fundamental bilik və bacarıqlara, həm də yeni bacarıqları özündə əks etdirən təcrübəyə sahib olmalıdır.  Rəqəmsal əsrdə müəllimlər bütün bu yeniliklərə uyğunlaşmağa cəhd etməlidir. Yəni, demək istəyirəm ki, texnikanın inkişafı ya təhsilin ona, ya da onun təhsilə təsiri istiqamətində gedir. Hər yeni on illik özünün yeni ixtiraları ilə həyatımızı dəyişməklə davam edir. Məsələn, əgər biz öz uşaqlığımızda oturub sovet cizgi filmlərinı həvəslə, maraqla izləmişiksə, bu gün həmin cizgi filmlər çox uşağa maraqsız gələ bilər və onlar daha yüksək texnologiya əsasında hazırlanmış və müasir dövrlə dəbləşən bir cizgi filmini izləməyi üstün tutacaqlar. Bu sadə misalı ona görə çəkirəm ki, biz müasir dövrdə olan uşaqların marağını, dünyaya baxışını mütləq nəzərə almalıyıq. Biz buna məcburuq. Çünki zaman özü onu bizdən tələb edir.

 

 

Öyrətmək ömürboyu öyrənmək deməkdir

 

 

Hesab edirəm ki, müasir müəllimdə özünəinam hissi güclü olmalıdır. Özünə inanan müəllim qarşı tərəfdə olan istər həmkarında, istərsə də şagirdlərində bu hissi yaratmağa və gücləndirməyə dəstəkçi olacaq.

 

İkinci ən əsas hesab etdiyim keyfiyyət müasir müəllimdə ünsiyyət bacarığıdır. Cünki müasir təlimdə düzgün ünsiyyət bacarıqları ön planda olmalıdır. Müəllim-şagird münasibətinin düzgün formada qurulması dərsdə sağlam mühitin yaranmasına və qarşıya qoyulmuş məqsədə düzgün irəliləməyə yardım edəcək.

 

Mənim fikrimcə, öyrətmək ömürboyu özü öyrənmək deməkdir. Öyrənmək üçün həmişə, hər zaman nələrsə var.  İnnovativ müəllim olmaq yeni nələrisə fərqli üsullarla, texnologiya tətbiq edərək və ya nələrisə rəngli kağızlar üzərində sadəcə nəzəri biliklər şəklində şagirdlərə əzbərlətməklə bitmir.

 

Yenilikçi müəllim şagirdlərində yaradıcı bir təfəkkürü formalaşdırmağa imkan verən dərs modeli qurmağa və onlarda əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyə müvəffəq olmalıdır.

 

Biz şagirdlərə nəinki məktəbdə, eyni zamanda həyatda uğur qazanmağın nəzəri və rəqəmsal biliyini verməliyik.

 

 

Peşəkar uğurun açarı

 

 

Müasir dövrdə dünyada ingilis dilində tədrisin əhəmiyyəti xüsusi önəm kəsb edir. Buna görə də biz müəllimlər ən qabaqcıl təhsil resurs və ədəbiyyatlarının ingilis dilində olmasını nəzərə almalı və dil biliklərimizi zənginləşdirməliyik. İngilis dili beynəlxalq dil kimi dünyaya çıxışdır. Yəni peşəkar uğurun açarını bu dili hesab etmək olar. Mən ingilis dili vasitəsilə peşəkar platforma kimi tanınan Linkedində təhsil sahəsində geniş təcrübəyə malik, bütün dünyadan olan müəllim və professorlarla əməkdaşlıq edir, onların təcrübələrindən bəhrələnirəm.  Əgər bu dili bilməsəydim, onda zamanın nəbzini tuta bilməz və mənə lazım olan müasir təlim metodlarından, elmdə olan yeniliklərdən xəbərdar olmazdım. İngilis dilində bir atalar sözünü Azərbaycan dilinə tərcümə edəcəm: “Nə qədər çox dil bilirsinizsə, bir o qədər də insansınız”.

 

 

Oruc MUSTAFAYEV

 



01.03.2019 | 11:25