Yunanıstan səfiri BSU-da

Martın 1-də Bakı Slavyan Universitetində Beynəlxalq Yunan dili Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos  iştirak edib. Tələbələrlə görüşdən öncə səfiri BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib. Görüşdə Yunanıstan və Azərbaycan arasında dostluq və əməkdaşlığın mühüm istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Yunanıstan səfirliyinin Bakı Slavyan Universiteti ilə əlaqələrindən danışan rektor Nikolaos Kanellosun dövründə münasibətlərin daha intensiv və səmimi şəkildə davam etdiyini bildirib.

 

Qeyd edək ki, Yunanıstanın respublikamızdakı səfiri siyasi-diplomatik fəaliyyətlə yanaşı, həm də şair, rəssam, müğənni kimi tanınır. 2017-ci ilin dekabrında səfirin Bakıda “Land Mark” biznes mərkəzində rəsm sərgisi keçirilib, bu ilin may ayında isə onun öz vətənində konserti planlaşdırılır.

 

Nikolaos Kanellos  BSU-nun rektoru, professor Nurlana Əliyevaya səmimi qəbula görə minnətdarlığını bildirərək universitetdə yunan tarixinə, dilinə, ədəbiyyatına, mədəniyyətinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Səfir universitetin rektoru başda olmaqla, bir qrup mütəxəssisi öz ölkəsinə dəvət edib.

 

Bundan sonra BSU-nun Yunan dili və mədəniyyəti mərkəzində tələbə və müəllimlərlə görüş keçirilib. Görüşdə səfir Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, azərbaycanlıların milli mental dəyərlərə üstünlük verməsi və s. məsələlərlə bağlı təəssüratlarını bölüşüb. Nikolaos Kallonas yunan dilinin tarixi barədə qısa məlumat verib və bu dilin dünyanın ən qədim dillərindən olduğunu, fransız, alman, ingilis dillərində kifayət qədər yunan sözlərinin yer aldığını qeyd edib. O, BSU-nun yunanşünaslıq qrupunun tələbələrinin hazırlığından razılığını ifadə edib.

 

Sonra yunan dili müəllimi Səidə Mehdiyeva yunan oratorluq sənəti barədə çıxış edib.

 

Yunanıstandan gəlmiş müəllim Mariya Delaki  Yunanıstan-Azərbaycan münasibətlərindən və mədəniyyət sahəsində ölkələrimiz arasındakı əlaqələrdən danışıb.

 

Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə tələbələr yunan klassiklərindən nümunələr səsləndiriblər.

 



03.03.2019 | 15:40