“Gənc Bioloqların Qış Məktəbi – 2019” öz fəaliyyətini başa vurdu

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fevralın 27-də fəaliyyətə başlayan “Gənc Bioloqların Qış Məktəbi – 2019” fevralın 28-də AMEA Dendrologiya İnstitutunda davam edib. Elmi məruzələr dinlədikdən sonra gənclər Mərdəkan Dendrarisi ilə tanış olub və “AMEA-da gənclər siyasəti və nailiyyətləri 2013-2019-cu illər” mövzusunda elmi disputda iştirak ediblər. Martın 1-də qış məktəbi AMEA Yüksək Texnologiyalar Parkında davam edib. Elmi məruzələr dinlənildikdən sonra Yüksək Texnologiyalar Parkına ekskursiya və elmi disput keçirilib. Üç gün davam edən qış məktəbinin bağlanışı və nəticələrinin müzakirəsi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda baş tutub.

 

Bağlanış mərasimində Bölmənin Elmi Katibi, aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz  Həşimova, Torpaqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev iştirak ediblər.

 

Tədbiri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademiyanın vitse-prezidenti İradə Hüseynova açaraq qış məktəbinin işini uğurla başa vurduğunu bildirib. İ.Hüseynova akademik Cəlal Əliyevin “Əsl alim elimdən zövq almağı bacarmalıdır” kəlamını  gənclərə xatırladıb və onlara elmin çətin yollarında müvəffəqiyyətlər arzulayıb.

 

 Sonra digər institut rəhbərləri gənclərə öz arzu və tövsiyələrini bildiriblər və tədbir iştirakçılarına sertifikatlar təqdim olunub. Qış məktəbində dinlənilən səkkiz məruzəçidən üçü fəqləndirilərək diplomla təltif olunub. Birinci yerə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Gülnar Abdullayeva, ikinci yerə Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Şahbazova və üçüncü yerə Dendrologiya İnstitutunun elmi işçisi Güllü Əliyeva layiq görülüblər.

 

Tədbirin sonunda İradə Hüseynova  bildirib ki,  qış məktəbi 27 mart “Elm günü” münasibətilə keçiriləcək tədbirlər silsiləsinin başlanğıcıdır. O belə tədbirlərin davamlı olacağına inamını ifadə edib.

 



04.03.2019 | 12:53