Əlyazmalar Fonduna 21 əlyazma və qədim çap kitabı hədiyyə edilib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən əldə olunan 21 yeni əlyazma və qədim çap kitabı AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə edilib.

 

Bu münasibətlə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazma və qədim çap kitablarının toplanılması istiqamətində görülən işlərdən danışıb. Əlyazmalar Fondunun bu sahədəki rolundan bəhs edən alim fondda mühafizə olunan əlyazmaların bir qisminin Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri tərəfindən hədiyyə edildiyini bildirib. İsmayıl Hacıyev bölgə ərazisində fond əməkdaşları tərəfindən Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələrinin toplanıldığını diqqətə çatdırıb. O, son illər Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bölgə ərazisindən toplanılan əlyazma və qədim çap kitablarının Əlyazmalar Fondunun balansına hədiyyə edildiyini qeyd edib.

 

 Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxışında tarix və mədəniyyətimizin, adət-ənənələrimizin araşdırılması, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

 

Qeyd edilib ki, maddi-mədəniyyət nümunələrinə dövlət tərəfindən daim yüksək qayğı göstərilir. Bu qayğı nəticəsində Nuh Peyğəmbərin məzarüstü və Yusif Küseyir oğlu türbələri, muxtar respublika ərazisindəki buzxanalar, İsmayılxan hamamı, Naxçıvanqala, Əlincəqala, Gülüstan türbəsi, Qarabağlar Türbə Kompleksi və digər tarixi abidələr bərpa edilib. Xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muzey fondları da xeyli zənginləşib.

 

Natəvan Qədimova əlavə edib ki, Mədəniyyət Nazirliyi tərəfindən ötən il 1564 ədəd eksponat mədəniyyət müəssisələrinə təqdim edilib. Tarixi əhəmiyyət kəsb edən maddi-mədəniyyət nümunələrinin toplanılması işi bu gün də davam etdirilir və bu işdə muxtar respublika sakinləri  fəallıq göstərir.

 

Daha sonra bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov elmin müxtəlif sahələrinə aid olan 21 yeni əlyazma və qədim çap kitabı ilə bağlı məlumat verib. Fond rəhbəri hədiyyə olunan əlyazma və çap kitablarının əhəmiyyətini vurğulayaraq Mədəniyyət Nazirinə minnətdarlığını bildirib.

 

Sonda tədbir iştirakçıları yeni əlyazma və çap kitabları ilə yaxından tanış olublar.



05.03.2019 | 18:20