Klassik irsin ənənələrini uğurla davam etdirən yazıçı

Bakı Slavyan Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas alim, ictimai xadim və pedaqoq, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. BSU-nun “Azərbaycan ədəbiyyatı” kafedrasının  Azərbaycan filologiyası və jurnalistika fakültəsi ilə birgə təşkil etdikləri tədbiri professor Rəhillə Qeybullayeva açıb. O, İsmayıl Şıxlının zəngin ədəbi irsindən, obrazlar qalareyasından, əsərlərinin bədii-estetik xüsusiyyətlərindən bəhs edib.

 

“Azərbaycan ədəbiyyatı” kafedrasının dosenti Fərrux Məmmədov İsmayıl Şıxlının  “Cəbhə gündəlikləri”, “Ayrılan yollar”,“Ölən dünyam”, “Dəli Kür” romanlarından danışıb, yazıçının bir çox ədəbi qəhrəmanlarının təhlilini verib. F.Məmmədov "Dəli Kür” romanının ictimai şüurda dönüşə və özünüdərkə yol açdığını qeyd edib, əsəri mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirib.

 

Ədibin oğlu Elçin Şıxlı atası ilə bağlı xatirələrindən danışıb,  "Dəli Kür" romanı ilə bağlı fikir və düşüncələrini gənclərlə bölüşüb. O, Cahandar ağa obrazı üzərində xüsusi dayanıb, romanda Rusiya-Azərbaycan münasibətlərinə ciddi diqqət yetirildiyni bildirib.

 

“Türkologiya” kafedrasının müdiri, dosent Şaban Hüseynov çıxışında İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı üçün böyük nasir olmaqla yanaşı, həm də  örnək pedaqoq olduğunu qeyd edib.

 

“Azərbaycan ədəbiyyatı” kafedrasının professoru Nizami Məmmədov İsmayıl Şıxlının klassik irsin ənənələrini uğurla davam etdirdiyini, folklor xəzinəsindən bəhrələndiyini, yaratdığı əsərlərdə dərin fəlsəfi məna olduğunu vurğulayıb. O, İsmayıl Şıxlı nəsrini üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili-psixoloji aləmin zənginliyi və əlvanlığı baxımdan dəyərləndirib.

 

Sonra  tədbir iştirakçılardan professorlar  Etibar Babayev, İlyas Həmidov, dosent Şəhla Əhmədova, jurnalist Arif  Əliyev İsmayıl Şıxlının zəngin ədəbi- bədii irsi ilə bağlı fikirlər səsləndiriblər. Tədbir iştirakçılar arasında diskussiya  ilə  davam edib.

 



06.03.2019 | 14:25