Düşünməkdən həzz almaq

Ötən ilin dekabrında Təhsil İnstitutunun təşkilatçılığı ilə “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi keçirilib. Müsabiqədə Bakı şəhəri və ölkəmizin bütün bölgələri əhatə olunmaqla 1500-dən çox müəllim iştirak edib. Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə daha yaxından cəlb edilməsi məqsədi ilə keçirilən müsabiqədə xeyli müəllim fərqlənib. Onların arasında Namiq Süleymanov və Elşən Quliyev də var. Fizika müəlimi olan Namiq Süleymanov 95 balla birinci, biologiya müəllimi Elşən Quliyev isə 90 balla ikinci ən yaxşı nəticə göstərən müəllimlər sırasındadırlar.

 

 

“Fizikanı sevirəm, şagirdlərimə də sevdirməyə çalışıram”

 

 

Namiq İbrahim oğlu Süleymanov gənc müəllimdir. Ağcabədi rayonunun Salmanbəyli kəndindəndir. Bakıda yaxşı müəllim kimi nüfuza sahibdir. Özü olimpiada qalibi olan Namiq müəllimin bu marağı fizika və riyaziyyata olan həvəsi ilə birləşərək, onu bu sahənin uğurlu mütəxəssisinə çevirib: “Təsadüfi deyil ki, riyaziyyata olan böyük sevgim yuxarı siniflərdə tədrisinə başlanılan fizikada da özünü göstərdi. Məktəbdə oxuyanda da, tələbə olanda da bu fənlərə həvəsim keçmədi. Fizika və riyaziyyata olan güclü sevgim olimpiadalarda uğur qazanmağıma səbəb oldu. Fikrimcə, bu iki fənn ət ilə dırnaq kimidir, bir-birindən ayrılmazlar. Fizika elə bir fəndir ki, mövzunu şagirdə izah edəndə fizikanın ecazkar mühitinə düşürsən. Hesab edirəm ki, müəllim fizikanı elə tədris eləməlidir ki, şagird o fənni hiss eləsin. Məşhur fizik Volter Levin “Fizikanı şagirdə sevdirməyən müəllim cinayətkardır”, - deyir. Mən də elə düşünürəm. Fizikanı sevirəm və şagirdlərimə sevdirməyə çalışıram”.

 

 

O, bu işi görməyə - fizikanı sevdirməyə tələbəlikdən başlayıb: “Dərs deməyə başlayanda hələ III kursda oxuyurdum. Artıq 7-ci ildir ki, bu sahədəyəm. Özü də sadəcə, fizikanı yox, riyaziyyatı da tədris edirəm”.

 

Olimpiadalarda uğur qazanmaq üçün  insanda fərqli keyfiyyətlər olmalıdır

 

“Olimpiada tamamilə fərqli sektordur. Bu sahədə yüksək irəliləyiş əldə etmək üçün sadəcə, fizikanı yox, həm də riyaziyyatı yaxşı  bilməli və daim öz üzərində işləməlisən. Məktəbdə elə suallar və məsələlər olurdu ki, inanın, həftələrlə həmin sualın üzərində düşündükdən sonra cavabını tapırdım. Olimpiadada orta məktəb proqramından çətinləşdirilmiş və hətta kənar mövzular olurdu. Elə indi də dəyişən bir şey yoxdur. Bunun özü də insana ayrı zövq verir. Əsas məsələ də budur, düşünməkdən həzz almaq. Bir sözlə, olimpiada gərgin əmək və zəhmət tələb edir”.

 

 

“Valideynlərimizin dəstəyi müqayisəolunmazdır”

 

 

N.Süleymanov repetitor kimi uğurlu nəticələrə imza atıb. O, həm abituriyent, həm olimpiadalara şagird, həm də müəllimlərin işə qəbulu imtahanlarına hazırlıqda çox yaxşı bələdçidir: “İndiyə qədər bir çox abituriyentlərim yüksək balla universitetlərə qəbul olunublar. Hazırladığım müəllimlər MİQ imtahanlarında yüksək bal toplayıblar”.

 

Şagirdlərinin, hazırladığı insanların həyatında özünəməxsus yeri olması üçün əlindən gələni edən gənc müəllim insanın həyatında ona düzgün yol göstərən müəlliminin rolunu yaxşı anlayır: “Kiçik yaşlarımdan məndə elmə həvəs yaradan müəllimlərim olub. Riyaziyyatçı, ya da fizika müəllimi olaraq qazandığım nə varsa, bunda müəllimlərimin  böyük əməyi var. Hər zaman düşünmüşəm ki, hər fənn üzrə ən güclü müəllimlərlə çox böyük işlərə imza atmaq olar. Hesab edirəm ki, “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi məhz bu amala xidmət edir. Gələcək nəsil üçün görülən bu iş həqiqətən alqışa layiqdir”.

 

N.Süleymanov bir şagirdin yetişməsində valideyni məktəbdən, müəllimdən ayrı təsəvvür etmir: “Amma həyatda və işdə valideynlərimizin rolu, dəstəyi müqayisəolunmazdır. Düşünürəm ki, hər bir valideyn övladının təhsili ilə vaxt itirmədən, kiçik yaşından maraqlanmalı və ona dəstək olmalıdır”.

 

 

“Nəticələrim özümü heç vaxt qane etməyib”

 

 

Namiq müəllim gələcək nəslə böyük fayda verəcək layihələrə imza atmaq istəyir: “Hələ mükafatlandırma mərasimi olmasa da, nəticələrin açıqlanması ilə tanımadığım yüzlərlə insandan təbrik aldım. Bu o qədər maraqlı hissdir ki. Halbuki özümü o qədər də bəyənməmişəm. Nəticələrim özümü heç vaxt qane etməyib. Ən sevdiyim hobbilərimdən biri də özümdə zəif nöqtələri aşkarlamaq və onun üzərində ciddi çalışmaqdır. Uğurun sirlərindən biri də bu deyilmi?!”

 

N.Süleymanov hesab edir ki, dünyada da istedadlı şagirdlərlə işləyə bilən, olimpiada suallarını həll etməyi bacaran müəllimlər məhdud saydadır. Azərbaycanda da yavaş-yavaş istedadlı şagirdlərlə işləyəcək müəllimlər formalaşacaq: “Müəllimlərin əsas problemi düşünmədən, araşdırmadan hazır həlli axtarmaqdır. Bu da nəticədə özünü göstərir”.

 

 

Olimpiadalar, yoxsa qəbul imtahanları?

 

 

Elşən Quliyev isə biologiya fənni üzrə yaxşı müəllimlərdəndir. Qazandığı nüfuzu “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsində də təsdiq edərək, ən yaxşı nəticə göstərən müəllimlər siyahısına düşüb.

 

2003-2007-ci illərdə Gəncə Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Hərbi xidmətdən sonra müəllim kimi fəaliyətə başlayıb. Kəlbəcər rayon 6 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətinə başlayan gənc müəllim deyir ki, qazandığı uğurlara görə fasiləsiz olaraq öz üzərində çalışmasına borcludur.

 

2012-2015-ci illərdə təhsilini Gəncə Dövlət Universitetinin magistratura pilləsində davam etdirən E.Quliyev hazırda Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbdə işləyir. Elşən müəllim deyir ki, olimpiadalar həmişə onun maraq dairəsində olub: “Respublika Fənn olimpiadalarının suallarına mütəmadi baxıram, olimpiadalara şagirdlər göndərirəm. Düzdür, indiyədək yer tutan olmasa da, bu sahəyə maraq göstərən şagirdlərimiz çoxdur”.

 

 

Olimpiadaya gedən uşaqlarda istedad mütləq olmalıdır

 

 

Müəllimlik fəaliyyətinin artıq 10 ili əhatə etdiyini nəzərə alsaq, Elşən müəllimin özünün yetirmələri olduğunu deyə bilərik: “Daha çox IV ixtisas qrupu üzrə hazırlaşan uşaqlarla işləyirəm. Hazırladığım şagirdlər arasında həm Tibb Universitetində, həm də ölkəmizin başqa nüfuzlu ali məktəblərində təhsil alanlar var”.

 

Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi ali məktəblərə qəbul imtahanlarına hazırlıqda daha böyük uğur qazanan Elşən müəllim bir çoxlarının əksinə olaraq, olimpiadalara şagird hazırlığı ilə qəbul imtahanlarına abituriyent hazırlığı arasında ciddi fərq görmür:

 

Baza bilikləri istər olimpiadaya, istərsə də qəbul imtahanına hazırlaşan şagird üçün önəmlidir.

 

"Ancaq olimpiadaya gedən uşaqlarda istedad mütləqdir. Çünki burada yaddaşa əsaslanan məlumatlar deyil, şagirdin məntiqi təfəkkürünə əsaslanan suallar qoyulur. Ona görə də olimpiadada hər uşağın uğur qazanması imkansızdır. Bu səbəbdən olimpiadaya hazırlaşdırdığımız uşaqlar üçün daha uzun zaman və ən aşağı sinifdən hazırlıq tələb olunur. Hesab edirəm ki, olimpiadalara şagirdlərin hazırlanması VI-VII siniflərdən başlamalıdır.  Halbuki abituriyent hazırlığına 2 il kifayət edir”.

 

 

“Müəllim öz üzərində daim işləməlidir”

 

 

“İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi E.Quliyevin yüksək nəticə nümayiş etdirdiyi ilk yarış da deyil. O, 2017-ci ildə iştirak etdiyi müəllimlərin diaqnostik qiymətləndirilməsində də mümkün olan ən yüksək balı toplayıb. Özü də 44 dəqiqəyə: “Hesab edirəm ki, müəllim öz üzərində daim işləməlidir. Üstəlik, bunu hansısa qiymətləndirmədə bal yığmaq, imtahana hazırlaşmaq, nəyisə sübut etmək üçün yox, həm də gələcəyimizi düzgün yetişdirə bilmək üçün”.

 

E.Quliyev deyir ki, olimpiadaya hazırlıq məsələsində ədəbiyyat ən sıxıntılı məsələdir: “Ən çox istifadə etdiyimiz mənbə dərsliklərdir. Buna əlavə olaraq internet məlumatlarından istifadə edirəm, türk dilində əldə etdiyim ədəbiyyatlar var. Tək dərsliklə olimpiadaya hazırlığı təşkil etmək mümkün deyil”.

 

 

Onlar olimpiadaya uşaq hazırlayacaq

 

 

Qeyd edək ki, istedadlı şagirdlərlə işləyəcək pedaqoji kollektiv müəyyənləşdirilərkən “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri nəzərə alınacaq. Müəllimlərin müxtəlif layihələrdə iştirakı təmin olunmaqla pedaqoji və akademik bacarıqlarının inkişafı təmin ediləcək.

 

 

Ruhiyyə DAŞSALAHLI



07.03.2019 | 10:23