“Hərəyə bir kitab oxuyaq, mütaliəmizi genişləndirək”adlı müsabiqə

Ümumi təhsil müəssisəsində “Hərəyə bir kitab oxuyaq, mütaliəmizi genişləndirək” adlı layihə çərçivəsində keçirilən müsabiqənin yekun tədbiri baş tutub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 322 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə məktəbin rəhbərliyi, pedaqoji kollektivi, şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər.

 

Müsabiqənin əsas məqsədi məktəblilər arasında mütaliə mədəniyyəti və oxu vərdişini inkişaf etdirmək, onların kitaba marağını daha da artırmaq, mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

 

İki mərhələdən ibarət müsabiqədə 160-ya yaxın VIII sinif şagirdi iştirak edib. Müsabiqə ərzində şagirdlər müsahibələrə cəlb olunub, oxuduqları əsərlər müzakirə edilib.

 

Tədbiri giriş sözü ilə açan məktəbin Azərbaycan dili və ədəbiyyat müəlimi, layihə rəhbəri Ulduz Heydərova müsabiqə barədə qonaqlara ətraflı məlumat verib.

 

Daha sonra çıxış edənlər belə layihələrin təşkil olunmasının şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında mühüm rolu olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliə böyük əhəmiyyət daşıyır.

 

Sonda müsabiqədə xüsusilə fərqlənən siniflər diplom, təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıblar.

 



12.03.2019 | 16:23