“Çin mətbəxinin inciləri”

12 nömrəli Bakı Peşə Liseyində Azərbaycan Milli Kulinariya Assosiasiyası və Konfutsi İnstitutunun təşkilatçılığı ilə çinli aşpazların “Çin mətbəxinin inciləri” mövzusunda növbəti ustad dərsi təşkil olunub. Tədbirdə Pekindən dəvət olunan tanınmış aşpaz Li Canjuy ət, tərəvəz, balıq məhsullarının hazırlanması bacarıqlarını iştirakçılarla bölüşüb. O, Çin mətbəxinin əsas prinsipləri olan yeməklərin cəld və yüksək istilikdə hazırlanmasının vacibliyini vurğulayıb. Li Canjuy Çin kulinariya sənətinin ənənələrindən danışaraq, bu ölkənin mətbəxinin regional üslubu və tanınmış yeməkləri haqqında məlumat verib.

 

Qonaqlar Çinin bir-birindən fərqli yeməkləri, həmçinin desert nümunələrini dadıblar. Ardınca qədim Çin musiqi aləti olan fleytanın müşayəti ilə keçirilən məşhur Çin çayının dəmlənməsi mərasimində iştirak ediblər.

 

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov çay dəmlənməsi mərasimini böyük maraqla seyr edərək, qonaqlarla Çin çayına olan marağın sirrlərini bölüşüb.

 

Ustad dərsinin sonunda Pekindən dəvət olunmuş aşpazlar və Konfutsi İnstitutunun əməkdaşları Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən diplomla təltif olunublar. Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin mətbəx fəlsəfəsi barədə danışaraq qeyd edib ki, keçirilən ustad dərsin əsas məqsədi Çin mətbəxinin öyrənilməsi, azərbaycanlı mütəxəssislərlə onların əlaqələrinin qurulmasına təkan verməkdən ibarətdir. O, Azərbaycanın rəngarəng və özünəməxsus mətbəxini Çin ictimaiyyətinə təqdim etməyin Konfutsi İnstitutunun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. R.Abbasov həmçinin Konfutsi İnstitutu ilə Milli Kulinariya Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilə imzalandığını və bu sənədin əsas məqsədinin hər iki ölkə arasında kulinariya sənəti sahəsində əməkdaşlığın genişləndirilməsi, ixtisaslı aşpaz və kulinarların hazırlanması sahəsində əlaqələrin gücləndirilməsi olduğunu əlavə edib.

 



13.03.2019 | 13:42