AzTU-nun professoru NDU-da mühazirələr oxuyub

Azərbaycan Texniki Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının professoru, Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti, Macarıstanın Obuda, Rumıniyanın Arad universitetlərinin fəxri professoru, UNESCO Beynəlxalq Kadrlar Akademiyasının fəxri texnika elmləri fəlsəfə doktoru  Şahnaz Şahbazova Naxçıvan Dövlət Universitetində mühazirə demək üçün dəvət olunub. Bu məqsədlə keçirilən tədbirdə çıxış edən universitetin həmkarlar ittifaqı komitəsinin sədri, “İnformatika” kafedrasının dosenti Elşən Məmmədov qonağı salamlayaraq universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Ali təhsil ocağında keçirilən  mühazirələrin tələbələrin dünyagörüşündə əhəmiyyətli rol oynadığı vurğulanıb.

 

Professor Ş.Şahbazova iki gün davam edən mühazirələrdə tələbələrə “Qeyri-səlis məntiq qeyri-səlis deyil- dünya şöhrətli azərbaycanlı alim Lütfi Ə. Zadə”, “Təlim və biliyə nəzarət intellektual informasiya sistemi kompleksinin arxitekturasının modelləşdirilməsi”,  “Bilik mühəndisliyinin əsasları”, “Tələbələrin biliyinin interaktiv qiymətləndirməsi” mövzusunda dörd mühazirə deyib.

 

İlk mühazirəsində görkəmli azərbaycanlı alim haqda geniş məlumat verən professor qeyd edib ki, böyük alimin özünün sözlərinə görə, qeyri-səlis məntiq qeyri-səlis deyildir. Qeyri-səlis məntiq, əsasən,  qeyri-dəqiqlik və təxmini düşüncənin  dəqiq məntiqidir. Daha spesifik olaraq, qeyri-səlis məntiqə  insan qabiliyyətinin iki diqqətəlayiq formalizasiyası kimi baxıla bilər.

 



13.03.2019 | 17:28