“Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir“

Martın 13-də Bakı Dövlət Universitetinin nəzdindəki «Gənc istedadlar» liseyində “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir“ mövzusunda konfrans keçirilib. BDU-nun 100 illik yubileyinə həsr edilmiş  tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı universitetin elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə və digər şəxslər iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan “Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynov Bakı Dövlət Universitetinin 100 illik yubileyinə və  Elm Gününə həsr edilmiş “Elm həftəsi” çərçivəsində keçirilən tədbirlərdən danışıb. Bu kimi tədbirlərin əhəmiyyətindən söz açıb.

 

Tədbirdə çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə bu il 100 illik yubileyini qeyd edən universitetin Azərbaycanın ictimai-siyasi, elmi, mədəni həyatındakı rolundan danışıb. Bildirib ki, Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir. Universitetin tarixi ənənələrindən də söz açan Aydın Kazımzadə ali təhsil ocağının nüfuzunun günü-gündən artdığını bildirib.

 

Tədbirdə BDU-nun tarix fakültəsinin dekanı Azad Rzayev çıxış edərək ali təhsil ocağının keçdiyi tarixi yola nəzər salıb. 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edilməsini Cümhuriyyətin gördüyü mühüm işlərdən biri olduğunu diqqətə çatdırıb. “ Respublikada milli kadrların hazırlamasında BDU-nun rolu” mövzusunda çıxışını davam etdirən A.Rzayev universitetə rəhbərlik edən rektorlardan, onların fəaliyyətlərindən də söhbət açıb.

 

Konfransda BDU-nun tarix fakültəsinin professoru, həmçinin liseyin müəllimi Nuru Məmmədov “Bakı Dövlət Universiteti milli ruhu inkişaf etdirən bir ocaq, bir məktəb olmuşdur” mövzusunda məruzə  edib.

 

Tədbirdə digər çıxış edənlər-“Kaspi Ağ şəhər” liseyinin müəllimi Günel Hüseynova, “ Gənc istedadlar” liseyinin tarix müəllimi Rəna Həsənova universitet haqqında şagirdlərə ətraflı məlumat veriblər.

 

Niyazi RƏHİMOV       



14.03.2019 | 17:57