Ömür yalnız yaşanmış illərin sayı ilə ölçülmür

Məndən soruşsalar ki, alimlərdə ən çox hansı keyfiyyətə üstünlük verərdin, fikirləşmədən “xeyirxahlıq” sözünü dilimə gətirərdim. Təbii ki, alim üçün istedad, zəhmət, dözüm, gərgin axtarışlar daha vacibdir.  Uzun illər tanıdığım və hörmət bəslədiyim, zəhmətkeş alim kimi həmişə haqqında xoş sözlər eşitdiyim Nizami müəllimdə də bu xüsusiyyətlər var, lakin, mənə görə, onun ən yaxşı keyfiyyəti məhz xeyirxahlığıdır.

 

Onun məktəbinə daxil olmaq, bu məktəbin müdavimi olmaq, onunla vaxtaşırı canlı söhbətlərdən bəhrələnmək, fikir alıb, fikir vermək, onun aurasından ziya almaq insanı zənginləşdirir, saflaşdırır. Əgər sən bu məktəbin sadəcə müdavimi deyil, həm də onun yaradıcısının işçisi olmusansa, bu zənginləşmə, saflaşma ikiqat artır, həzz və qürur qaynağına çevrilir. Nizami müəllimin işçisi olduğum illər ərzində mən məhz belə duyğular keçirmiş, onun həlim, rəvan, insanın ürəyinə sakitlik, arxayınlıq təlqin edən danışığını dinləməyə, onun insanlıq, alimlik, idarəçilik məktəbindən hər gün bir yeni şey öyrənməyə çalışmışam.

 

“Kim zamanı udursa, o, nəticədə hər şeyi udur. Vaxtı yer üzündə təsadüfdən sonra ikinci ən böyük tiran sayanlar sözsüz ki, haqlıdırlar. Əlbəttə, üç şey olmasa - heç vaxt böyük rütbəyə çatmaq olmaz: zəhmət çəkmək, var-dövlət sərf etmək, güzəştə getmək...

 

Ömür yalnız yaşanmış illərin sayıyla ölçülmür - görülən işlərin siqlətini, arzu və istəyin sədasını, harayını da yaşadır özündə.

 

Üzü gələcəyə doğru gedən yolların hansı dayanacağında ayaq saxlayıb keçmişə baxsam ömrün vərəq-vərəq, sətir-sətir yazılmış xatirələrini görürəm. İlk dəfə dilimizin sehrinə düşdüyüm, xalqımızın böyük söz xəzinəsinin ovsununda heyrətimdən dilsiz dayandığım vaxtlar düşür yadıma... Və günlərin bir günü özüm də bilmədən başladım bu ovsunun, bu heyrətin səbəblərini arayıb-axtarmağa...”.

 

Nizami müəllim qeyri-adi zəhmətkeşdir. Mən onu həmişə rəsmi qulluqda görmüşəm. Bu, o deməkdir ki, o adi adamlar kimi hər gün səhər tezdən işə gedir, axşam evə qayıdır. Onun icra etdiyi vəzifələrin məsuliyyətli iş olduğunu və gərgin zehni və fiziki əmək tələb etdiyini də bura əlavə etsək, Nizami müəllimin elmi iş yazmağa və istirahət etməyə vaxtının qalmadığı aydınlaşır. Lakin bütün bunlarla yanaşı demək olar, o, hər il bir kitab, dövri mətbuatda onlarla məqalə çap etdirir, rəsmi yığıncaqlarda məruzələr edir, aspirantlara rəhbər olur, dissertasiyalara rəy yazır və müxtəlif tədbirlərdə saatlarla fəxri kürsülərdə oturur. Bu işgüzarlıq və zəhmət isə onu yaşıdlarından heç birinin nail ola bilmədiyi bir mövqeyə, cavan yaşlarında professor səviyyəsinə  yüksəltmişdir.

 

Nizami Xudiyev, hər şeydən əvvəl, tanınmış alimdir. Həyatda əldə etdiyi nailiyyətlərin demək olar ki, hamısı üçün o, ilk növbədə elm sahəsindəki çoxillik və səmərəli fəaliyyətinə, sanballı elmi xidmətlərinə, fədakar əməyinə borcludur. Onun elmi fəaliyyətində millilik və müasirlik, ictimai fəallıq və obyektivlik aparıcılıq təşkil edir. Nizami müəllim dar mənada sahə alimi deyil, geniş dünyagörüşə, çoxcəhətli bilik və məlumata və bir-birinə yaxın olan müxtəlif elmi istiqamətlərdə nəinki yetkin söz demək, hətta dərin, əhatəli araşdırmalar aparmaq səriştəsinə malik olan elm xadimidir. Azərbaycan dilçiliyinin bütün dövrləri üzrə N.Xudiyevin dərin məzmunlu elmi əsərləri geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Bu əsərlər (300-dən çox məqalə, 60 kitab) Azərbaycanda uzun müddət oxucuların ehtiyac və tələbatını ödəmiş, yeni nəsillərin formalaşması və inkişafında özünəməxsus rol oynamışdır.

 

“Qızmar yay günlərinin birində bar-bərəkət rəmzi sayılan Şahbuzda dünyaya göz açmışam. İndi 70 yaşımın ucalığından baxıb yenə də bu yurdu ruhumun əbədi beşiyi sanıram...

 

Lap yeniyetmə yaşlarından səyahətə çıxmaq, Vətən torpağını qarış-qarış gəzib, onun bütün gözəlliyini göz yaddaşıma köçürmək arzusunda olmuşam. Bəlkə elə ona görə də mənim ömür yolum ucu-bucağı görünməyən, nəhayətsiz yollardan başlayır...

 

Bir gün müəlliməm, bir gün alim... bir gün isə dilşünas-tənqidçi”.

 

Nizami müəllim dilçi kimi ictimai həyatımızda və dilçilikdə baş verən bütün hadisələrə həssaslıqla münasibət bəsləyib. Onun tarixi tədqiqatlarında, günün aktual məsələləri barədə söhbətlərində zəmanənin nəbzini tutmaq bacarığı həmişə yüksək qiymətləndirilib. Ciddi problemlərə girişəndə də, aşıb-daşan mübahisələri sakitləşdirəndə də Nizami müəllim böyük səbr və təmkin nümayiş etdirir. N.Xudiyev yaradıcılığında son 50 illik nailiyyətlərinin hamısını diqqətlə izləyib, öyrənib, təhlil edib və təhlilləri əsasında maraqlı məqalələr, kitablar, monoqrafiyalar yazıb. Müasir dilçiliyin inkişafı kontekstində təhlili, milli təfəkkürümüzün özünəməxsusluğu ilə yanaşı, bəşəri xüsusiyyətləri və keyfiyyətləri barədə Nizami müəllimin müşahidələri diqqətəlayiqdir. Bu da onun böyük təcrübəsi, geniş müşahidələri, zəngin mütaliəsi ilə bağlıdır. Nizami müəllimin məsələlərə hansı prizmadan yanaşması, nəyi diqqətə alıb, necə dəyərləndirməsi də olduqca əhəmiyyətlidir. Professor N.Xudiyev həmişə məsələlərin zahiri tərəfinə deyil, mahiyyətinə fikir verir, danışanda məntiqlə danışır, məsələlərin elmi tərəfini ön plana çəkir.

 

Onun yüksək səviyyəli natiq kimi məruzələrinə də biganə qalmaq mümkün deyil, şifahi nitqin geniş imkanlarından məharətlə istifadə etmək bacarığı onun çıxışlarına şirinlik gətirir.

 

Görkəmli tədqiqatçının 50 illik alim-ziyalı fəaliyyətini dəyərləndirmək üçün milli elmi-filoloji kontekst bir qədər dar müstəvidir. Onun elmi-ictimai fəaliyyəti bütövlükdə XX əsrin ikinci yarısı Azərbaycan ictimai-humanitar düşüncəsi ilə bağlıdır. Böyük alimin unikal elmi təfəkkürü dilçiliyin fakt və sənədlərinə quru keçmiş kimi yanaşmamış, onları daim müasir çağdaş, milli dilçilik problemlərilə əlaqələndirilmişdir. Ona görə də Nizami Xudiyevin tədqiqatlarında dilçiliyin ayrı-ayrı sahələri geniş milli-ictimai məzmun kəsb edir. Bundan əlavə, Azərbaycan xalqının mədəni-mənəvi problemləri, bir millət və xalq olaraq milli dərdlərimiz bir vətəndaş, ziyalı kimi həmişə N.Xudiyevin diqqət mərkəzində olmuşdur.

 

“İnsan həyatında elə mənalı günlər, elə mənalı anlar olur ki, onları zaman-zaman yada salanda qəlbin ilıq hiss və duyğularla riqqətlənir və sən dünyada ən ali, təmənnasız mənəvi dostluğun hər şeydən üstün olduğuna bir daha inanırsan... Əlbəttə, bu cür münasibətlərə hər adam qadir deyil. Bunun üçün fitrətən geniş ürəyin, sadə və açıq təbiətin olmalıdır”.

 

“Deyirlər elmin Vətəni olmur, amma alimin mütləq Vətəni olmalıdır. Başqa xalqların dilini öyrənməyə müəyyən zaman məsafəsi kifayət edər, amma öz dilini öyrənməyə vallah bir insan ömrü bəs etmir. Ömrünün bahar tək körpəlik dövrünü, yay kimi gənclik çağlarını, payız kimi saçlara gümüşü dən düşən vaxtlarını boranlı-şaxtalı qış günlərinə bənzər uzun gecələrini bu kitablar arasında keçirmişəm...”.

 

Tanrının ona bəxş etdiyi ömür payını ləyaqətlə yaşayaraq kifayət qədər ali titullara sahib olub Nizami müəllim. Lakin onun ən böyük sərvəti yüksək mənəviyyat sahibi olmasıdır.

 

Yetirmələri, onu tanıyanlar Nizami müəllimi yüksək dəyərləndirir, onunla  görkəmli alim, Əməkdar elm xadimi, professor kimi haqlı olaraq qürur hissi keçirirlər.

 

70 illik yubileyi münasibəti ilə Nizami müəllimi təbrik edir, ona cansağlığı, xoşbəxtlik arzulayır, elmi-pedaqoji fəaliyyətində daha böyük uğurlar diləyirik.

 

 

Füzuli MUSTAFAYEV,

filologiya üzrə fəlsəfə doktoru

 



16.03.2019 | 12:23