UNEC “Elm aylığı”na yekun vurub

UNEC-də elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafını təmin etmək məqsədilə  27 fevral-27 mart tarixlərini əhatə edən “Elm aylığı” keçirilib. Silsilə tədbirlərlə müşayiət edilmiş və müasir iqtisad elminin ən aktual mövzuları müzakirə olunmuş “Elm aylığı”çərçivəsində martın 27-də növbəti tədbir baş tutub..

 

İctimai Nəzarət Şurasının üzvü, tanınmış təhsil eksperti professor  Şahlar Əsgərovun iştirakı ilə keçirilmiş tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov “Elm aylığı” çərçivəsində  keçirilən tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, aktual mövzuları əhatə edən 22 tədbirdə  ölkənin aparıcı alimləri UNEC-in müxtəlif tədris binalarında təşkil olunmuş plenar iclas, “dəyirmi masa” və təqdimatlara qoşulublar.

 

“Elm aylığı” çərçivəsində “İnformatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivi” mövzusunda keçirilmiş tədbirdə  rektor, professor Ədalət Muradov akademik Telman Əliyevin dünya elminə verdiyi töhfələrdən söz açıb. Tədbirdə müasir dövrün bilik iqtisadiyyatına əsaslandığına diqqət çəkən akademik Telman Əliyev, UNEC-də iqtisadiyyatın inkişafına töhfə verə biləcək mütəxəssislərin hazırlandığını qeyd etmişdir.

 

“Elm aylığı” çərçivəsində həmçinin AMEA-nın müxbir üzvü, professor Akif Musayevlə görüş keçirilib,  “2018-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatçıları Pol Romer və Uilyam Nordxaus haqqında məruzə” dinlənilib.

 

"Yeni elm sahələri-ekonofizika" mövzusuna həsr edimiş tədbirdə yeni elm sahəsi kimi 90-cı illərin ikinci yarısından meydana çıxan ekonofizika ilə bağlı müzakirələri aparılıb, UNEC-də Ekonofizika Tədqiqat Mərkəzinin yaradıldığı və bu Mərkəzə tanınmış alim, professor Şahlar Əsgərovun rəhbərlik etdiyi bildirilib.  

 

Aylıq çərçivəsində UNEC-in “Meybullayev” İslam İqtisadiyyatı Mərkəzinin rəhbəri, dosent Sərvinaz Xanlarzadə “İslam maliyyəsi: müasir trendlər və inkişaf perspektivləri”,Beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müdiri Altay İsmayılov “Tələbələrin elmi fəaliyyətə cəlb olunması: potensial imkanlar və perspektivlər”, Koqnitiv İqtisadiyyat Mərkəzinin direktoru, dosent Mənsur Bərxudarov “Azərbaycan iqtisadiyyatı koqnitiv tədqiqatlar kontekstində”, Əmək Bazarının Monitorinqi Mərkəzinin rəhbəri dosent İsmayıl İsmayılov isəAzərbaycanda əmək bazarının müasir vəziyyəti” barədə məruzə ediblər.

 

"Elm aylığı" çərçivəsində UNEC-in Zaqatala filialında "Universitetlərin regionların sosial-iqtisadi inkişafında rolu: UNEC timsalında",  Dərbənd  filialında "UNEC-in Dərbənd  filialı - Rusiya elm məkanında" və UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində "Kollecdən universitetə keçid: problemlər və perspektivlər" mövzularında “dəyirmi masa”lar keçirilib. 

 



28.03.2019 | 11:53