Müsabiqəyə daha çox namizədin qatılacağı gözlənilir

Bu il müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən müsabiqəyə ötən illə müqayisədə daha çox namizədin qatılacağı gözlənilir.

 

Bunu “Təhsil” televiziyasının “Təməl” verilişində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimləri maraqlandıran suallara aydınlıq gətirərkən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

 

Onun sözlərinə görə, bu il 4 mindən çox müəllimlə müddətli əmək müqaviləsi bağlanıb. Ötən tədris ilində müddətli müqavilə ilə işləyən və daimi əsaslarla işləmək üçün müsabiqəyə qatılan 3 minə yaxın namizəd arasından 500 nəfərlə daimi müqavilə bağlanıb: “İl ərzində 3000-4000 nəfərlə müddətli əmək müqaviləsi bağlanılır. Müqavilə bağlanan şəxslərin hamısı vakant yerlərə qəbul edilmir. Onlar sosial məzuniyyət yerlərinə, öz hesabına məzuniyyət götürənlərin yerinə də müddətli müqavilə ilə işə qəbul olunur. Həmin namizədlərin isə işlədikləri yerlərdə daimiləşməsi mümkün olmur. Çünki məzuniyyətə çıxmış şəxs öz yerinə qayıdanda müddətli əmək müqaviləsi ilə işə götürülən şəxslə müqaviləyə xitam verməli oluruq”.

 

E.Bağırov sosial məzuniyyət yerində çalışmaq üçün işə götürülən müəllimin məktəbdə yaranan əlavə vakansiyaya cəlb edilməsinin mümkünlüyünü də qeyd edib: “Namizədlərlə müqavilələri məktəb rəhbərliyi imzalayır. Məktəbdə əlavə vakant yer yaranırsa, sosial məzuniyyət yerinə işə götürülmüş namizəd vakant olan dərs yükü ilə təmin edilə bilər. Məzuniyyətə çıxmış şəxs geri qayıtdıqdan sonra da onu müddətli müqavilə ilə əvəz etmiş şəxsin məktəbdə mövcud olan dərs yükünü aparması mümkündür. Namizədin həmin dərsi aparması məktəbdə daimi əsaslarla çalışan digər müəllimlərin dərs yükünə heç bir təsir göstərmirsə, namizəd müsahibədən uğurla keçibsə və tələb olunan keçid balını toplayıbsa, onun müqaviləsinin tipinin dəyişdirilməsi və daimi əsaslarla işə götürülməsində də hər hansı problem yoxdur”.

 

Xatırladaq ki, ötən tədris ilindən başlayaraq tətbiq olunan bu müsabiqədə mərkəzləşdirilmiş işə qəbul imtahanlarının test mərhələsində müvafiq keçid balını toplayıb tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edirlər. Qeydiyyat mərhələsindən keçən müəllimlər müsahibəyə dəvət edilirlər. Müsahibədən uğurla keçənlərlə növbəti tədris ilindən daimi əsaslara müqavilə bağlanır. Müsahibədən keçməyənlərin əvvəlcədən bağladıqları müddətli müqavilə qüvvədə qalır və həmin müqavilədə nəzərdə tutulmuş müddət ərzində işə davam edə bilirlər.

 

Ruhiyyə Daşsalahlı

 



29.03.2019 | 17:10