BMU-da anım tədbiri

Bu fikir 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar  Bakı Mühəndislik Universitetində keçirilən anım tədbirində səslənib. Tədbirdə universitetin rəhbər şəxsləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.

 

Tədbir Dövlət himninin oxunması ilə başlayıb, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra  31 mart soyqırımı hadisələrini əks etdirən sənədli film nümayiş olunub.

 

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov çıxış edərək bildirib ki, XX əsrin, bəlkə də, ən susqun soyqırımı 1918-ci il mart ayının 31-də erməni daşnaklarının xalqımıza qarşı olan qətliamıdır. Ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc mülki azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan–Naxçıvan–Zəngəzur–Qarabağ və Qazax–Gəncə istiqamətində yerləşən yaşayış məskənlərinin azərbaycanlı əhalisini qırmış və deportasiya etmişlər.

 

Rektor qeyd edib ki, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə yalnız müstəqillik dövründə əsl hüquqi-siyasi qiymət verilmişdir. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olmuşdur.

 

“Bu gün ölkə başçısı İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində güclü iqtisadiyyatımız və qüdrətli ordumuz formalaşıb. Bu da bizə inam verir ki, yaxın vaxtlarda torpaqlarımız işğaldan azad olunacaq”.

 

Daha sonra söz alan BMU-nun Pedaqoji fakültəsinin müəllimi Ülvi Babayev tədbir iştirakçılarına xalqımızın nümayəndələrinin dünyanın ictimai inkişafındakı rolundan danışıb. Qeyd edib ki, xalqımız tarixi qəhrəmanlıqları ilə yanaşı, soyqırımlara da məruz qalıb. Biz gəncləri humanist, tolerant və elmi istiqamətdə tərbiyə edirik. Eyni zamanda xalqımızın tarixində baş vermiş faciələri də gənclərimizin bilməsi və gələcək nəsillərə ötürməsi vacibdir.

 

BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Ləman Şərifova çıxışında qeyd edib ki, Azərbaycan xalqı, xüsusilə gənclər qanlı tarixi unutmamalı, möhkəm milli yaddaş formalaşmalı, onlar dəhşətləri törədənlərə qarşı mübariz ruhda böyüməlidirlər. Çünki “Erməni vəhşiliyini dünya miqyasında ifşa etmək üçün hələ görüləsi çox işimiz var”.

 



29.03.2019 | 19:17