Ahısqalı qızların beynəlxalq müsabiqəsində Azərbaycan təmsilçisi 2-ci yerə layiq görülüb

Dünya Ahısqa Türkləri Birliyi (DATÜB) tərəfindən Azərbaycan Gənc Tamaşaçılar Teatrında Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan Özbəkistan, Ukrayna, Gürcüstan və Azərbaycandan olan 16-23 yaşlı ahısqalı  qızlar arasında müxtəlif nominasiyalı (şeir, təqdimat, milli türk geyiminin nümayişi və s.) müsabiqə-sərgilənmə keçirilib. Yarışmanın keçirilməsində əsas məqsəd qızlarına özünəinam aşılamaq, özlərini hər sahədə inkişaf etdirmələri cəhətdən təşviq etmək və Ahısqa mədəniyyətini, adət və ənənələrini mühafizə edərək gələcək nəsillərə ötürməkdir.

 

Müsabiqə-sərgilənmədə DATÜB-ün sədri qazaxıstanlı Ziyəddin Kassanov, Azərbaycanın millət vəkilləri, sənətçilər və bir çox dövlətin  nümayəndələr iştirak ediblər. Artıq 5 ildir ki, müxtəlif türk dövlətlərində həyata keçirilən bu müsabiqə bu il Azərbaycanda təşkil edilib.

 

Müsabiqəyə 9 ölkənin ahısqalı qızları qatılıblar.  Azərbaycanı təmsil edən  Saatlı rayonu Varxankənd kənd tam orta məktəbinin XI sinif şagirdi Təranə Mərdəliyeva  2-ci yerə layiq görülüb. Təranə Mərdəliyeva  millət vəkili, Qənirə Paşayevanın “Ey Turanım” şeirini söyləyib. Ona DATÜB-ün qalibiyyət sertifikatı, 1200 manat pul mükafatı və müxtəlif hədiyyələr təqdim olunub.

 

Təranə Mərdəliyeva bu uğura görə  Varxankənd məktəbinin kollektivinə, onu bu tədbirə hazırlayan dil-ədəbiyyat müəllimi Bikə Allahverdiyevaya təşəkkürünü bildirib.

 

Şakir CƏFƏROV

 



04.04.2018 | 10:17