Ədəbiyyat Muzeyində Nəsimiyə həsr olunmuş sərgi

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi nəzərə alınaraq 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bu münasibətlə ölkənin müxtəlif elmi qurumlarında, mədəniyyət mərkəzlərində, eləcə də AMEA-nın institut və təşkilatlarında Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir, sərgilər təşkil olunur.

 

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təşkil olunan sərgi də “Nəsimi ili” çərçivəsində nəzərdə tutulan tədbirlərdəndir.

 

Sərgidə İmadəddin Nəsimiyə həsr olunmuş, 20-si Azərbaycan, 20-si ingilis dilində olmaqla ümumilikdə 40 lövhə təqdim edilib.

 

Lövhələrdə Nəsiminin 3 dildə yazdığı əsərlərinə orta əsrlərdə çəkilmiş illustrasiyalar, miniatürlər, eləcə də şairin əlyazmalarının surətləri nümayiş olunub.

 

Həmçinin Ədəbiyyat Muzeyinin Nəsimiyə həsr olunmuş ekspozisiya zalından rəsmlər,  böyük şairin 600 illik yubileyi münasibətilə hazırlanmış medalyonların əksi, onun   muzeyin ekspozisiyasında olan heykəllərinin rəsmi, şeirlərindən parçalar, “Nəsimi” filmindən  səhnələrə aid fotolar və s. təqdim olunub.

 

Sərgi çərçivəsində ziyarətçilər Nəsiminin Hələbdə yaşadığı evin divarındakı barelyefin rəsmi ilə də tanış olublar.



03.04.2019 | 14:57