Radiasiya Problemləri İnstitutunun alimləri SDU-da

Aprelin 3-də Sumqayıt Dövlət Universitetində Fizika və elektroenergetika fakültəsinin təşkilatçılığı ilə Elm Günü münasibəti ilə görkəmli alimlərlə görüş keçirilib.    

  

Görüşdə AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor, fizika-riyaziyyat elmləri doktoru Oqtay Səmədov, institutda fəaliyyət göstərən bir çox laboratoriyaların rəhbərləri  və universitetin professor-müəllim, tələbə heyəti iştirak ediblər.

 

Qiyabi, distant və əlavə təhsil üzrə prorektor, dosent Qafar Atayev bildirib ki, 27 Mart - Elm Günü ilə bağlı Sumqayıt Dövlət Universitetinin təsdiqlənmiş Tədbirlər Planına uyğun  silsilə tədbirlər keçirilir. Bugünkü görüş də onlardan biridir. Prorektor qeyd edib ki, son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul edilib. Təsadüfi deyil ki, XXI əsr YUNESKO tərəfindən elm və təhsil əsri adlandırılmışdır. Bu baxımdan hazırda elm və təhsilin əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə müasir texnologiyaların və innovasiyaların tətbiq edilməsi yolu ilə inkişaf etdirilməsi ən aktual və prioritet məsələdir. Bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görülür.

 

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov çıxış edərək ölkəmizdə elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından və rəhbərlik etdiyi institutun fəaliyyət istiqamətlərindən, görülən işlərdən,  beynəlxalq əlaqələrindən danışıb. Bildirib ki, təhsilimizə göstərilən qayğının nəticəsidir ki,  cəmiyyətdə alimin nüfuzu xeyli artıb, bütün elm sahələrində ciddi nailiyyətlər əldə edilib. Direktor Sumqayıt Dövlət Universiteti ilə gələcəkdə elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.

 

Görüşdə Radiasiya Problemleri İnstitunun «Enerjiqənaətedici Radiasiya Prosesləri» laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İslam Mustafayev,  «Radiobiologiya» laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru Elmxan Cəfərov, «Yarımkeçiricilərin Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov, «Enerjitutumlu Radiasiya Prosesləri» laboratoriyasının rəhbəri, kimya elmləri namizədi Hökmən Mahmudov, institutun aparıcı elmi işçisi Nüşabə Hacıyeva  laboratoriyalarda aparılan elmi-tədqiqat işlərdən və əldə olunan nailiyyətlərdən bəhs ediblər.

 

Sonda iştirakçıların sualları cavablandırılıb.

 



03.04.2019 | 17:30