“Elektron-tibb: formalaşması və elmi-nəzəri problemləri”

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın müəllifliyi ilə “Elektron-tibb: formalaşması və elmi-nəzəri problemləri” adlı monoqrafiya çap olunub.

 

“İnformasiya texnologiyaları” nəşriyyatı tərəfindən çapdan buraxılan kitab e-tibbin mahiyyəti, imkanları, formalaşması, teletibbin inkişafı problemlərinin analizinə həsr edilib. Monoqrafiyada e-tibbin elmi-nəzəri problemləri ətraflı şərh olunub, həkim qərarlarının qəbulu üçün tibbi ekspert sistemlərinin işlənilməsi, fərdi tibbi məlumatların informasiya təhlükəsizliyi və tibdə Big Data problemlərinə baxılıb. Əşyaların İnterneti və sosial medianın e-tibdə yaratdığı imkanlar, onların fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasında rolu, tibbi sferada kadr təminatı ilə bağlı tendensiyalar və e-tibbin insan resurslarının formalaşması məsələləri də monoqrafiyada nəzərdən keçirilir.

 

Monoqrafiyanın elmi məsləhətçisi AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, elmi redaktorları akademik Telman Əliyev və AMEA-nın müxbir üzvü Nuru Bayramovdur.

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş monoqrafiyaya institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev, institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva rəy veriblər.

 

Monoqrafiya informasiya texnologiyaları, tibbi informatika, e-tibb sahələri üzrə mütəxəssislər, tədqiqatçılar, elmi işçilər, müəllimlər və tələbələrin də aid olduğu geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Yusif ƏLİYEV

 



04.04.2019 | 10:31