Məktəbdə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir

Aprelin 3-də Bakıdakı 308 nömrəli tam orta məktəbdə Aprel döyüşlərinin ildönümünə və məktəbin məzunu, həmin döyüşlərdə şəhid olmuş Mahir Quliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib.  Tədbirdə şəhidin  anası Lalə Quliyeva,  məktəbin şagird-müəllim kollektivi və digər şəxslər iştirak ediblər.

 

Əvvəlcə qonaqlar Badamdar qəbiristanlığında şəhidin məzarını ziyarət ediblər. Sonra məktəbin foyesində şagirdlərin Aprel döyüşləri mövzusunda hazırladıqları rəsmlər və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 

Məktəbin akt zalında davam edən tədbir Dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.  Məktəbin direktoru Təranə Məmmədova  çıxış edərək Aprel şəhidlərinin igidliyini tarixi qəhrəmanlıq adlandırıb. Bildirib ki, Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Bu qələbə igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu bir daha sübut edir. Direktor ölkəmizdə, o cümlədən rəhbərlik etdiyi təhsil ocağında  şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində hər bir şəhidin qəhrəmanlığının nümunə olduğunu diqqətə çatdırıb. T.Məmmədova  bütün tədbirlərdə məktəbin məzunu şəhid Mahir Quliyevin xatirəsinin ehtiramla yad edildiyini qeyd edib. 

 

Sonra  Mahir Quliyevin həyatını əks etdirən film nümayiş olunub.

 

Şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib, vətənpərvərlik ruhunda mahnılar səsləndirilib. Tədbirə dəvət edilmiş qonaqlar şəhid Mahir Quliyev haqqında xatirələrini bölüşərək onu ehtiramla  yad ediblər.

 

Sonda  şəhidin  anası Lalə Quliyeva çıxış edədək, övladının vətənpərvərliyindən, mərdliyindən danışıb və tədbirin təşkilatçılarına təşəkkürünü  bildirib.

 

 

Rəşad ZİYADOV



04.04.2019 | 16:52