İctimai fəal məktəblər: ideyası və tarixi

“Biz çox şeyə cürət etmirik, ona görə ki, bu, çətindir, çətin odur ki, biz cürət etmirik”.

 

Seneka

 

 

Zaman keçdikcə məktəbin funksiyası dəyişir. O, bilik verməklə yanaşı, valideynləri və ictimaiyyəti, büdcədənkənar maliyyə mənbələrini cəlb etməklə məktəbin, eləcə də yerləşdiyi mikrorayonun sosial problemlərinin həllində mərkəz rolunu oynamağa başlayır. Məktəbdə baş verən bu keyfiyyət dəyişikliklərinin əsası məhz ictimai komponentin rolunun artırılması yolu ilə aparılır. Əsas məqsəd məktəbin inzibati-dövlət idarəçilik formalarından tam imtina etmədən ictimai idarəçiliyin rolunun artırılmasıdır. Mövcud təcrübə göstərir ki, məktəbin “yaxşı” adlandırılması üçün maddi-texniki təchizatı, təhsil göstəricisi ilə yanaşı, onun yerləşdiyi mikrorayonda  ictimai-sosial mərkəz olması, bir sözlə, idarəçilər, müəllimlər, şagird və valideynlər də daxil olmaqla sosiallaşması vacibdir. Məktəbin demokratikləşməsi, tərəfdaşlıq, könüllülərin işə cəlb edilməsi kimi fəaliyyət strategiyası məktəbin adi məktəbdən ictimai yönümlü təhsil mərkəzinə çevrilməsində mühüm rol oynayan amillərdir.  Dünyanın 80-dən artıq ölkəsində belə məktəblər artıq bir bütöv sistem halında fəaliyyət göstərir. Avropada bu tip məktəblərin yaradılması hərəkatı siyasətdə milliyyətçi əhvali-ruhiyyənin oyanışı ilə üst-üstə düşərək, alman təhsil ənənəsinin təsiri ilə formalaşıb. Napoleon Almaniyanı fəth edəndə ölkəni idarə edənlər  anladılar ki, təhsilin inkişafı ölkənin bütövlüyünü və gücünü qorumaq üçün ən əsas şərtdir. Buna görə də hər tərəfdən siyasi rəqibləri və düşmənləri ilə əhatə olunmuş bir ölkənin öz təhsil sistemində kosmopolitik humanizmdən uzaqlaşması vacib idi. Və beləliklə də dövlət siyasətində kosmopolitizm öz yerini milliyyətçiliyə verdi. Milli dövlət, milli vətəndaş cəmiyyətinin formalaşması prosesini gücləndirməklə, onun funksiyası ilə təhsil sisteminin fəaliyyətini uzlaşdıraraq, təhsil  siyasətinin yeni istiqamətlərini, məktəbin ictimai və sosial yönümlü strategiyası müəyyənləşdi. Təhsilin məqsədi şəxsiyyət yetişdirmək yox, vətəndaş yetişdirmək oldu. Təhsildə fərdilik nəzəriyyəsi arxa plana keçdi. Alman strateqlərinin fikrincə, fərd özlüyündə heç kimdir, amma o, sosial institutların məqsəd və əhəmiyyətini başa düşdükdə həqiqi şəxsiyyətə çevrilərək sosiallaşmanın obyekti kimi eyni zamanda ictimai fəallıq subyekti, yeni ictimai formaların təşəbbüsçüsü və yaradıcısı olur. Bu, fərdin yaradıcı-dəyişdirici xarakter daşıyan ictimai həyatda daha fəal iştirak etməsindən asılıdır. Məhz bu zaman köhnəlmiş, cəmiyyətin inkişafına mane olan normalar, adətlər, bilik, bacarıq və vərdişlər aradan qalxır. Bir çoxları hesab edirdi ki, bu prosesdə təhsil şəxsiyyəti inkişaf etdirmir, onlarda ancaq intizam tərbiyə edir. Amma həqiqətdə bu belə deyil. Alman təhsil fəlsəfəsinin kökündə də məhz bu iki ideya - intizam və vətəndaş ideyası durur. Bu iki ideyanın vəhdətindən irəli gələrək dövlət ictimai təhsilin maddi-texniki təchizatını təmin etməklə kifayətlənməyərək, onun məzmununu müəyyənləşdirdi. İbtidai sinifdən başlayaraq universitet də daxil olmaqla bütün təhsil müəssisələri vətənpərvərlik ruhunda vətəndaşı, əsgəri, hərbçini, dövlət məmurunu və rəhbərləri yetişdirdı. Beləliklə, Avstriya-Macarıstan imperiyasının tərkibində zəif və parçalanmış bir dövlət olan Almaniya təhsilin dövlət-ictimai idarəçiliyi sayəsində böhrandan çıxdı. Bu ölkənin bugünkü real mənzərəsi məhz təhsilin keyfiyyətinin sosial effektinin göstəricisidir.

 

Almaniya təcrübəsi göstərir ki, ictimai fəal məktəb modelinin əsasını məktəbin, onu əhatə edən icmanın problem və ehtiyaclarından ayrı mövcud olmaması, onun cəmiyyətin inkişafının təşəbbüskarı olacağı ideyası təşkil edir. İctimai fəal məktəblərin fəaliyyətinin əsasını isə bir-biri ilə sıx  bağlı olan iki məsələ - sosial və təhsil problemləri təşkil edir. Bu tip məktəblər sosial və təhsil problemlərinin fasiləsiz və effektiv həllinə şərait yaradır. İctimai fəal məktəblər təhsilin uşağın gündəlik həyatında rolunu artırır, sosiallaşma proseslərinə dayanaraq, onun daha çox nəticəyönümlü olmasına xidmət edir. Bu, gənc nəslin vətəndaş cəmiyyətinin formalaşmasında fəal iştirakını stimullaşdırır. Və məktəbin rolunu artıraraq onun cəmiyyətdə  “söz sahibinə” çevrilməsinə səbəb olur.

 

Davamı: https://muallim.edu.az/news.php?id=5264

 

Məlahət MÜRŞÜDLÜ,

pedaqogika üzrə fəlsəfə doktoru

 

 



06.04.2019 | 12:23