“Müəllimlik həyat tərzimdir”

Maraqlı idi, həm də son dərəcə maraqlı. Həmsöhbətim olanların əksəriyyəti deyirdi ki, ibtidai sinif müəllimim Məmməd, Abdul, Hüseyn. Yəni  illər öncə ibtidai sinif müəllimlərinin əksəriyyətinin kişi pedaqoqlar olması adi hal imiş. Bu günümüzdə fərqlidir, ibtidai sinif müəllimlərinin əksəriyyətini qadın pedaqoqlar təşkil edir. Ancaq bir xeyli də kişi ibtidai sinif müəllimləri var imiş.  “Məktəb illəri”ndə onlardan biri ilə həmsöhbətik. Müşfiqabad qəsəbəsindəki 274 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Alim Adıgözəlovla...

 

 

Fəhlə ailəsinin Alim balası...

 

 

- Əslən Şamaxıdanam. 1961-ci ildə anadan olmuşam. Fəhlə ailəsində doğulmuşam. Ailədə altı uşaq olmuşuq, üç bacı, üç qardaş. Atamızı tez itirdik. Buna görə də bacılarımın təhsil almasına imkan olmadı. Anam tək idi, həm kənddə tək qoyub çıxa bilmədilər, həm də dolanışıq elə idi ki, oğlanlar gəlib Bakıda birtəhər çalışıb yaşaya bilərdilər. Qızların belə imkanı olmurdu. Bilmirəm düz edildi, ya yox, hər halda bacılarım təhsil ala bilmədi. Böyük qardaşım İnşaat Mühəndisləri İnstitutunda, mən Pedaqoji İnstitutda, digər qardaşım İncəsənət İnstitutunda təhsil aldıq.

 

Atamı itirəndən sonra düşünürdük ki, daha əzab-əziyyətlərimiz bu qədər olmaz. Bacılarımız ailə quracaq, biz də oxuyuruq qayıdıb gəlib işləyib, anamıza, elə bacılara da arxa olarıq. Amma həyat sürprizlərlə doludur. Bəzən acı, bəzən xoş olur bu sürprizlər. İncəsənət İnstitutunda oxuyan qardaşım qəfildən dünyasını dəyişdi. Bizim ailə üçün böyük və gözlənilməz faciə idi. Özümüzə gələ bilmirdik. Hələ anam, dəhşətli durumda idi. Gənc bir övladını qəfil itirməyin nə demək olduğunu yəqin ki, geniş izah etmək lazım deyil.

 

Həmişə istəmişəm bir fürsət yaransın bu sözü deyim. Yəqin indi məqamdır. 1978-ci ildə orta məktəbi bitirmişəm. Səkkizillik məktəbi kənddə bitirib sonra Qobustana köçmüşdük. Tam orta məktəb bitirmək üçün bizim rayonda məktəb yox idi o zaman. Baxmayaraq ki, tək olduğu üçün ona çox çətin idi, hər şeyi anam edirdi. Sizə deyim ki, anamın bizim üçün çəkmədiyi əzab-əziyyət yox idi. Sadə, təhsilsiz qadın idi, amma hər əzaba qatlanırdı, təki balaları rahat olsun.

 

 

Mənim ilk müəllimim...

 

 

Mənim ibtidai sinif müəllimim də kişi olub. Bizim məktəbə qonşu kənddən gəlirdi. Özü də hər gün gəlib-gedirdi. Abdullayev Gülməmməd müəllim. Çox zəhimli adam idi. Amma o qədər ürəkdən, candan işləyirdi, öyrədirdi ki, adam oxumasaydı, ona ayıb olardı. Yəni oxumadığın nəsə qalanda utanırdın. Onun sinifində olan hər kəs oxumağa həvəsli idi ki, Gülməmməd müəllimin gözündən düşməsin. Əks halda biz gərək o gedən küçə ilə belə getməyəydik. Əgər bir səhvə yol vermiş olsaydıq, o adam axşama qədər məktəbdə qalıb, o şagirdi də saxlayıb öyrədib, izah etməyincə dincəlmirdi. Səmimi deyirəm, çox xoşbəxtəm ki, ali təhsil alandan sonra bir neçə il Şamaxıda, Gülməmməd müəllimlə eyni kollektivdə çalışmaq qismət oldu. Bu gün ondan insan, müəllim olaraq hər nə öyrənmişəmsə, hamısı əlimdən tutur.

 

 

Şagirdlərim...

 

 

Müəllimin ən böyük uğuru şagirdləridir. Mən istər Şamaxıda olanda, istər burda Bakıda şagirdlərimi görəndə, onlarla ünsiyyətdən aldığım zövqü heç nə ilə əvəz edə bilmirəm. Bu, bir başqa duyğu, hissdir. Yaşamasan bilməzsən.

 

Bayramlarda bir də görürsən yığışıb gəlir bir neçəsi, son zəng tədbirlərinə də gəlirlər. Sevincimin həddi olmur onda.

 

 

İki sinfi paralel işləmişəm...

 

 

Müəllimlik mənim təkcə peşəm deyil, həm də həyat tərzimdir. Yəni müəllim kimi gündəlik işimi və mənəvi tələbatımı ödəməsəm, o gün özümü yararsız adam bilərəm. Bilmirəm nə qədər adam var ki, çalışdığı tədris ocağında iki sinfi olub. Yəni elə il olub ki, mən paralel iki ibtidai sinif aparmışam. Bu, çox çətindir. Amma sevgin, sayğın, həvəsin varsa, çətin olsa belə, keçilməyən yol yoxdur. Bilirsinizmi, uşaqlar balaca fidandır. Ona necə qulluq etsən, necə yetişdirsən, açılanda o qədər görünəcək. Yəni yaxşı qulluq görən çiçək açılışında da gözəl görünür. Baxılmayan, qulluq görməyən çiçək heç zaman gözəl ola bilməz. Uşaqları sevməsən, həvəsləndirməsən, o, heç zaman sənə istədiyini verməz. Həm də səni sevməlidirlər, bu, ən başlıcasıdır. Bəzən müəllim sevildiyi üçün yaxşı şagird yetişdirə bilir. Mənim yanıma bu gün dərs dediyim uşaqların, indi valideyn olanlarının uşaqları gəlir. Mənim müəllimi olduğum sinifdən bu il 16 şagird ali məktəbə girib. Bunu görəndə deyirəm ki, boşuna yaşamamışam. “Həyatda niyə yaşamısan?” sualına hansı cavabı vermək mənim üçün çox vacib məsələdir. Bu sualın cavabsız qalması qədər dəhşətli iş yoxdur mənə görə.

 

 

Məsuliyyət çiynimdə olub...

 

 

Həyatda olduqca bir vacib məsələni unutmaq olmaz. Mən həmişə deyirəm, bütün ömrüm boyu da demişəm, məsuliyyət insanın yaraşığıdır. Məsuliyyət insanın gələcəyini təminata alan vacib keyfiyyətdir. Məsuliyyətlə görülən hər bir işin mütləq nəticəsi var. Mənim ailə üzvlərimin məsuliyyəti həmişə anamla paralel çiyinlərimdə olub. Ailədə ikinci övlad olsam da, elə bilirdim hamıya cavabdeh mənəm. Mən hər şeyin dalınca qaçmalıyam, anama dəstək olmalıyam. Bu, indi də xarakterimdə ilişib qalıb. O biri qardaşlarım da bu cür idilər. Düzdür, birinin həyatı yarıda qaldı, amma var qüvvəsi ilə çalışırdı. Məsələn, anam məni və qardaşlarımı Bakıda yaşayanda işləməyə qoymurdu. Deyirdi siz oxuyun. Mən oxuyub çalışıb əlaçı təqaüdü alırdım, 56 manat. Bir müddət sonra böyük qardaşım da axşam növbəsində təhsilinə davam elədi. Anama da dedi ki, mənə belə rahatdır. Axşam bölümündə uşaq az olur. Əslində, işə düzəlmişdi. Anama kömək olmaq üçün bu, bizə lazım idi. Beləcə, sona qədər davam elədik.

 

 

Bakıya dönüş...

 

 

1990-cı ildən Bakıya gəldim. Hamı bura köçmüşdü kənddən. Anam da xəstə idi. Mən də ailə qurmuşdum, həyat yoldaşım iş yerini itirmək istəmirdi. Rayonda qalmaq ona çətin idi. Bakıya gələndən elə burdayam, 274 nömrəli məktəbdə. 

 

 

Böyük fərq...

 

 

İndiki uşaqların üstünlüyü İKT bilgilərinə malik olmalarıdır. Bu, son dərəcə böyük üstünlükdür. Amma bir ciddi məqam var, virtuallaşmaq uşaqları canlı ünsiyyətdən soyudub, bir qədər də kobud edib. Görünür, bu da müasirliyin tələblərindən biridir. Nə qarşısını almaq olur birmənalı şəkildə, nə də təzyiq etmək. Hər iki halda uşağa ziyan verə bilərsən. Yaxşı yolu budur ki, İKT bilgiləri ilə bağlı uşağı istiqamətləndirəsən. Ona nəyə baxıb, nəyə zaman sərf etməyin lazım olduğunu izah edəsən. Uşaqları bacardığımız qədər ziyanlı şeylərdən qorumaq lazımdır.

 

İllər öncəki uşaqlar bugünkülərdən savadlı idi. Bir də bu illərin ən böyük xoşagəlməzliklərindən biri budur ki, uşaqların çoxunda nitq qüsuru var. Bu da virtual ünsiyyət meyillərinin çoxluğundan irəli gəlir.

 

 

Kənd uşağının arzusu...

 

 

Biz kənd uşağı idik. Saf, səmimi, təvazökar. Şəxsiyyətinə, nüfuzuna hörmət edilən iki adam var idisə, biri müəllim idi. Çox ürəkdən arzulayırdım ki, müəllim olum. İbtidai sinif müəllimimi görəndən sonra isə gerçəkdən müəllim olub azyaşlılarla işləməyi qarşıya məqsəd qoydum. Çox maraqlıdır, çox lazımlıdır, çox şərəfli işdir. O üzdən müəllim peşəsini seçən gənclərə tövsiyəm var, ibtidai sinif müəllimi olmaqdan qorxmayın.

 

SON: Düzü, Alim müəllimlə tanış olmağımdan xeyli məmnun qaldım və sevindim. Olduqca sadə, səmimi, gerçək pedaqoji siması olan həlim bir adam. Üstəlik, bu gün qadınların çoxluq təşkil etdiyi peşənin sahibi. Bundan başqa, o peşəni sevə-sevə inkişaf etdirən adam. Onun sinfinə düşmək üçün valideynlərin məktəbdən incikliyi də olur hərdən. Bir də ən vacib məqam. Bu gün orta məktəbdə kişi pedaqoqların sayının azlıq təşkil etməsi oğlan uşaqlarının təlim-tərbiyə işlərində, formalaşmasında bir qədər çətinlik yarada bilər. Ancaq düşünəndə ki, bir oğlan uşağının vətəndaş, şagird olaraq himini kişi ibtidai metodist qoyubsa, demək ki, yuxarı siniflərə qalxdıqca bu öz müsbət nəticəsini verəcək. O üzdən sizə bu çətin və  məsuliyyətli peşədə uğur diləyirik, MÜƏLLİM!

 

 

Jalə MÜTƏLLİMOVA



05.04.2019 | 13:11