UTECA ikili diplom siyahısını genişləndirir

Azərbaycan Texnologiya Universiteti ilə Rəcəb Tayyib Ərdoğan Universiteti arasında ikili diplom əlaqələri qurulub. Bu məqsədlə UTECA nümayəndələri Türkiyəyə səfər ediblər. 

 

Rəcəb Tayyib Ərdoğan Universitetində UTECA-nı Tədris şöbəsinin müdiri Piri Axundov, Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev,  İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Hacıyeva və “Menecment” kafedrasının müdiri Xalidə Ağayeva təmsil ediblər.

 

3 günlük səfər çərçivəsində biznesin təşkili və idarə olunması, turizm, dövlət və bələdiyyə idarəedilməsi ixtisasları üzrə ikili diplomla bağlı danışıqlar aparılıb, gələn ildən UTECA tələbələrinin təhil müddətinin yarısını Rəcəb Tayyib Ərdoğan Universitetində davam etdirməklə ikili diplom əldə edəcəklərinə dair razılığa gəlinib.

 

Rəcəb Tayyib Ərdoğan Universitetinin rəhbər heyətilə işgüzar görüş çərçivəsində tədris planları, dərs proqramları geniş müzakirə olunub. Bununla yanaşı hər iki universitet arasında mövcud tələbə-müəllim mübadiləsi sahəsində yeni nəticələrin əldə olunması gündəmə gətirilib.

 

Qeyd edək ki, UTECA-nın Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin “Nəqliyyatda daşımalar və idarəetmənin təşkili mühəndisliyi” ixtisası üzrə ikili diploma keçidlə bağlı Rusiyanın Nijniy-Novqorod Dövlət Texniki Universiteti ilə şimal ölkənin adıçəkilən universitetində ötən ay əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən həmin ixtisasa bu il qəbul olacaq tələbələr təhsil alacaqları müddətin yarısını Azərbaycan Texnologiya Universitetində, digər hissəsini isə Nijniy Novqorod Dövlət Texniki Universitetində keçəcəklər. Sonda tələbə hər iki universitetin diplomunu əldə edəcək.

 



07.04.2019 | 12:23