Asəf Zeynallı irsini yaşadanlar

Azərbaycanın ilk ali təhsilli professional bəstəkarı, ölkəmizdə uşaqdan-böyüyə hər kəsə tanış olan və hamı tərəfindən sevilən məşhur “Ölkəm” romansının musiqi müəllifi Asəf Zeynallının  anadan olmasının 110 illiyi tamam olur. Bu münasıbətlə bəstəkarın vaxtilə özünün təhsil aldığı və sonralar uzun müddət onun adını daşıyan Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində silsilə tədbirlər keçirilir. Təhsil müəssisəsində  növbəti belə tədbir aprelin 5-də-bəstəkarın doğum günündə təşkil olunub. Yubiley konsert proqramında Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, “Dərbənd” xeyriyyə cəmiyyətinin cədri Nurulla Əliyev,  A.Zeynallının qohumları,  kollecin müəllim və tələbələri, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

 

 Tədbiri giriş sözü ilə açan Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov qonaqları salamlayaraq  mütəmadi yubiley tədbirləri və gigər maraqlı  bədii-musiqili poqramlar düzənlənən müəssisələrində  növbəti yaddaqalan  bir gün yaşandığını bildirib və yubiliyarın həyat və yaradılığından qısa söz açıb. Professor N.Kazımov cəmi 23 il ömür sürmüş Asəf Zeynallının Azərbaycan klassik musiqisinin inkişafında mühüm xidmətləri olduğunu, musiqimizdə bir sıra ilklərə imza atdığını,  özündən sonra zəngin bir irs qoyub getdiyini diqqətə çatdırıb.

 

Mərkəzləşmiş kitabxana sisteminin əməkdaşı İradə Hüseynova çıxış edərək Asəf Zeynallı irsinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması yönündə görülən işlərdən, təmsil etdiyi qurumda yubileylə bağlı keçirilən tədbirlərdən bəhs ediub.

 

Sonra yubiley tədbiri kollecin  müxtəlif kurslarında təhsil alan istedadlı tələbələrin təqdim etdiyi konsert proqramı ilə davam edib. İştirakçılarda xoş ovqat yaradan konsertdə tələbələr Asəf Zeynallının əsərlərini və bəstəkarın özünün də çox sevdiyi, bölgələrimizə gedərək toplayıb nota aldığı xalq mahnılarını ifa ediblər.

 

Konsertdən sonra çıxış edən Asəf Zeynallının qardaşı oğlu Tamerlan Zeynalov bəstəkarın xatirəsini əziz tutduqlarına, irsini yaşatdıqlarıma görə Musiqi Kollecinin rəhbərliyinə, müəllim-tələbə heyətinə minnətdarlıq edib, əmisi ilə bağlı atasından eşitdiyi bəzi xatirələri paylaşıb.

 

Yusif ƏLİYEV   

 



05.04.2019 | 18:59