UTECA-da aprel döyüşlərinə həsr olunan tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində (UTECA) “Vətən saatı” adlı tədbir keçirilib. Aprel döyüşlərinə həsr edilən tədbirdə UTECA-nın məzunu, aprel şəhidi Rəşad Niftalıyevin valideynləri - Şakir və Fərqanə Niftalıyevlər də iştirak ediblər.

 

Əvvəlcə aprel döyüşlərində vətən uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra UTECA-nın rektoru, professor Akif Süleymanov çıxış edib. O xatırladıb ki, Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində təcavüzkar Ermənistan tərəfindən 2016-cı il aprelin əvvəllərində törədilən təxribata ordu hissələrimizin cavab verməsi nəticəsində işğal altında olan 2000 hektara yaxın ərazimizin, o cümlədən mühüm  əhəmiyyətli yüksəkliklərin geri qaytarılmasından üç il keçir. Rektor vurğulayıb ki, aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərib.

 

UTECA-nın məzunu, aprel şəhidi Rəşad Niftalıyevin atası Şakir Niftalıyev isə bildirib ki, Azərbaycan şəhidlər versə də, Aprel zəfəri bizim gələcək qələbəmizin bünövrəsini qoydu. Həmin döyüşlər nəticəsində Azərbaycan Ordusunun birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri azad etdi, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçirdilər. Döyüşlər nəticəsində, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.

 

Tədbirdə media nümayəndələri və yazıçı-publisist Azər Hacıbəyli çıxış ediblər. Çıxışlarda Azərbaycan ordusunda, müdafiə sistemində əldə olunan nailiyyətlərə, ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərə toxunulub. Vurğulanıb ki, bütün bunlar işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəyimizə əminlik yaradır.

 



10.04.2019 | 10:50