ADU-da “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans keçiriləcək

Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfransı keçiriləcək.

 

İşçi dilləri Azərbaycan, türk, ingilis və rus dillərində olacaq konfransın işi “Hüseyn Cavid və türk dünyası”, “Hüseyn Cavid və Şərq ədəbiyyatı”, “Hüseyn Cavid və Qərb romantizmi” adlı 3 bölmə üzrə aparılacaq.

 

Konfransda açılış nitqi ilə ADU-nun rektoru, akademik Kamal Abdulla çıxış edəcək.

 

Daha sonra Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Cavid sənətində bəşəri genişlik”, Nim (Fransa) Universitetinin professoru  Silvi Joseğam “Ədəbiyyat siyasi təhdiddirmi?”, “Kaspi” Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva “Hüseyn Cavid Şərqin böyük mütəfəkkir şairidir”, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir “Hüseyin Cavidin dram yaradıcılığında Abdülhak Hamidin təsiri”, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev “Hüseyn Cavid modernizmi və dünya ədəbiyyatı (Cavid dramaturgiyasından bir fraqment)”, Belqrad (Serbiya) Universitetinin dosenti Branko Vraneş “Dünya ədəbiyyatının Şərqi: Azərbaycandan Serbiyaya” mövzularında çıxış edəcəklər.

 

Konfransda İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fənani, Venesuelanın Azərbaycandakı səfiri Kristopher Martinez Berroteran və Kubanın ölkəmizdəki səfiri Alfredo Nieves Portuondo iştirak edəcəklər.

 



11.04.2019 | 10:17