SDU-da “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Aprelin 11-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “İnsan alverinə qarşı mübarizə üzrə” Milli Fəaliyyət  Planının icrası ilə əlaqədar  maarifləndirici tədbir keçirilib.

 

Humanitar məsələlər üzrə prorektor, dosent Ramiz Hüseynov ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışıb. O, bu kimi tədbirlərin gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedur və şərtlərlə tanış olmaq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.  Prorektor eyni zamanda, Azərbaycanda insan alverinə qarşı  mübarizə sahəsində  dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə toxunub.  

 

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı  Söhrab Orucov  dövlətimizin insan alverinə qarşı apardığı mübarizə tədbirlərindən bəhs edib.  O bildirib ki, ölkəmiz insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib, geniş maarifləndirmə sistemi mövcuddur. S.Orucov bu cinayət növünə qarşı aparılan mübarizə tədbirlərinin müsbət nəticələr verdiyini, daha effektiv nəticələrin əldə olunması üçün vətəndaşların insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmasının vacibliyini diqqətə çatdırıb.

 

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zemfira Mustafayeva isə insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində icra olunan tədbirlər barədə məlumat verib.

 

Sonra Daxili İşlər Nazirliyinin sifarişi ilə çəkilən “Satılmış Həyat” filmi nümayiş olunub. Eyni zamanda, mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarına bukletlər paylanılıb.

 



11.04.2019 | 16:00