ADU-da Rumıniyanın Piteşti Universitetinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin prorektoru Emanuel Soare, universitetin professorları Loredana Bloju və Lavinia Geambei ilə görüşüb.

 

K.Abdulla qonaqların öz təcrübələrini universitetin müəllim və tələbələri ilə paylaşdığına görə təşəkkürünü bildirib. Universitet rəhbəri Rumın dili və mədəniyyəti mərkəzinin ADU-nun müəllim və tələbə heyətinin də Rumıniya universitetlərinə səfərini təşkil edəcəyinə əminliyini ifadə edib. Rektor Rumın dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən razı qaldığını və birlikdə yüksək səviyyəli işlərin görüldüyünü diqqətə çatdırıb. Rumıniya kimi böyük mədəniyyətə və tarixə malik ölkə ilə əlaqələrin inkişaf etdirilməsinin önəmindən bəhs edən rektor tələbələrin yaradılan fürsətlərdən səmərəli yararlanmasının vacibliyini bildirib. K.Abdulla Piteşta Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılmasında rumıniyalı yoldaşların yardımçı olacaqlarına əminliyin də dilə gətirib.  Rektor həmçinin, Rumin dili və mədəniyyəti mərkəzində rumin dili ilə yanaşı, Latın dilini tədris edən mütəxəssislərin olmasını təklif edib.

 

Piteşti Universitetinin prorektoru E.Soare ADU-da rumin dilinin tədrisinə önəm verilməsini yüksək qiymətləndirib. Qonaq  Erasmus proqramı üzrə layihələrə toxunaraq, bu layihələrə ADU-nun müəllim və tələbələrinin geniş marağını önə çəkib. ADU ilə əməkdaşlığın ən yaxşılardan olacağına inandığını deyən prorektor ADU rəhbərliyini təmsil etdiyi universitetdə görməkdən məmnun olacağını bildirib. E.Soare ADU ilə tərəfdaşlığın inkişaf etdirilməsinin Piteşti Universitetinin rəhbərliyinin diqqət mərkəzində olduğunu da vurğulayıb.

 

Görüşdə gələcək əməkdaşlıq məsələləri, birgə layihələr, tələbə-müəllim mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.

 

Daha sonra qonaqlar ADU-nun Rumin dili və mədəniyyəti mərkəzinin fəaliyyəti ilə tanış olub, tələbələrlə görüşlər keçiriblər.

 



12.04.2019 | 16:00