Tarix dərslərində vətənpərvərlik tərbiyəsi

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ölkəmiz üçün müasir düşüncəli və rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılmasında ümumi təhsilin xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Ona görə də ümumi təhsilin  keyfiyyətinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi daim diqqət mərkəzinə çəkilən mühüm vəzifə hesab olunur. Qlobal dünyanın məktəbin qarşısında qoyduğu vəzifələr də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsini aktuallaşdırıb.

 

Məlumdur ki, məktəbdə tədris olunan bütün fənlər təhsilalanlara elmi biliklər verməklə yanaşı, həm də gənc nəslin milli-mənəvi keyfiyyətlər, xüsusən də vətənpərvərlik ruhunda böyüməsinə xidmət edir. Bu baxımdan tarix fənninin üzərinə daha böyük məsuliyyət düşür. Daha doğrusu, cəmiyyətə yararlı, geniş dünyagörüşə malik vətəndaşların yetişdirilməsi birbaşa tarix fənninin, tarix müəllimlərinin vəzifəsidir. Bunları nəzərə alaraq, tarix fənnini tədris etdiyim bütün siniflərdə yaş səviyyəsinə uyğun olaraq şagirdlərə tarixi keçmişimizi öyrətməklə yanaşı vətən, vətəndaş, vətəndaşlıq, vətənpərvərlik anlayışları haqqında mütəmadi  məlumatlar verirəm.

 

Ümumiyyətlə, mənim fikrimcə, tarix müəlliminin qarşısında duran ən mühüm vəzifələrdən biri gənc  nəslə vətənin nə olduğunu, onun haradan başladığını aşılamaqdır. Çünki   vətənpərvərlik tərbiyəsi məhz vətən anlayışını şagirdlərin nə dərəcədə dərk etməsi, vətəni necə sevməsi ilə birbaşa bağlıdır.

 

Mən bir tarix müəllimi kimi 5-ci sinifdə “Qırx il kölə kimi yaşamaqdansa…”,  “Qaniçən Kiri kim məğlub etdi?”, “İkinci Dünya müharibəsi və Azərbaycan”, “Xocalı soyqırımı”, “Qarabağ müharibəsi qəhrəmanları” və s. mövzuları tədris edərkən vətən, vətənpərvərlik məsələlərinə xüsusi fikir verirəm.

 

Şagirdlərə başa salıram ki, vətən dedikdə, biz yalnız müəyyən  sərhədləri olan bir torpaq sahəsi başa düşmürük. Vətən bizim üçün ilk növbədə anadır. Çünki o, bizi bir ana kimi öz qoynunda bəsləyir, boya-başa çatdırır. Biz bu torpağın havasını udur, suyunu içir, çörəyini yeyirik. Azərbaycan bizim hamımızın ümumi vətənidir. Hər birimizin yaşadığı şəhər, kənd, ev bu torpağın üzərində yerləşmişdir. Vətən ulu babalarımızın uyuduğu torpaq, gələcək nəsillərin yaşayış yeridir.

 

Ata-babalarımız tarix boyu bu torpaqlarda sakin olmuş, onu əkib-becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Vətənin daşlı-qumlu, heç bir məhsul verməyən şoran,  altı da, üstü də zəngin təbii sərvətlərlə dolu olan torpaqları da bizim üçün qiymətlidir. Onu göz bəbəyimiz kimi qorumalıyıq.

 

Vətəni sevmək, onu qorumaq, gözəlləşdirmək, daha da varlı və qüdrətli etmək xalqımızın ən yüksək əxlaqi dəyərləridir. Hər bir Azərbaycan vətəndaşı şərait tələb etdikdə silaha sarılaraq vətəni müdafiə etməyi özünün  müqəddəs vəzifəsi hesab etməlidir.

 

Möhtəşəm “Kitabi-Dədə Qorqud” dastanı həm də qəhrəmanlıq salnaməsidir. Bu dastan Vətən övladlarını təəssübkeşliyə, doğma torpaqlarımız uğrunda çarpışmağa, lazım gələrsə bu yolda canından keçməyə hazır olmağa çağırır.

 

Vətənə məhəbbət hissi olmayan adamda əxlaqi kamillikdən danışmaq olmaz. Bunun nə qədər yüksək hiss olduğunu görkəmli şairimiz S.Vurğun belə ifadə etmişdir. “Xalq eşqi, vətən məhəbbəti insanın həyat nəfəsidir”. Vətən torpağı, xalqın mənəvi həyatı tükənməz bir xəzinədir.

 

Tarix müəllimlərinin qarşısında duran ən mühüm vəzifələrdən biri də gənc nəslə güclü vətənpərvərlik hissi aşılanmasıdır. İctimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında, öz vətənini, ləyaqətini qorumaqda güclü mənəvi təsir gücünə malikdir.

 

9-cu sinifdə tədris olunan Azərbaycan tarixi fənni 19-cu əsrin 30-cu illərindən başlayaraq 21-ci əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir. Bu dövrlərdə Azərbaycan xalqının həyatında, tarixində qara günlər çox olmuşdur. Azərbaycan parçalanmış, torpaqları iki imperiya arasında bölünmüşdür. 20-ci əsrin əvvəllərində Şərq dünyasında ilk olaraq Azərbaycanda müstəqil dövlət-Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Bu baxımdan 9-cu sinifdə vətənpərvərlikdən daha çox danışmaq, şagirdlərə vətən sevgisi aşılamaq üçün daha geniş imkanlar var. Bu sinifdə dediyim dərslərdə şagirdlərə çatdırıram ki, vətənpərvərlik vətən sevgisi, vətənə olan məhəbbətdir. Vətənpərvərlik insanın öz vətəninə  sevgi və sədaqətindən, doğma vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Doğma yurda sədaqət həm də mövcud çətinlikdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir. Ən böyük sevgi vətən sevgisidir və bu sevgi fövqalədə vəziyyətlərdə, ölüm-dirim çağlarında daha qabarıq aşkara çıxır. Görkəmli rus yazıçısı L.Tolstoyun bu barədə fikirləri ibrətamizdir: “Vətənə məhəbbət mücərrəd anlayış deyildir, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir”.

 

Tarix dərslərində şagirdlərdə vətənə məhəbbət hissinin yaradılmasında və inkişaf etdirilməsində Azərbaycan torpaqlarının düşməndən müdafiə olunmasında qəhrəmanlıqlar, şücaətlər göstərən milli qəhrəmanlarımızın, şəhidlərimizin ibrətamiz həyat yollarından gətirilən nümunələr, misallar böyük təsir gücünə malikdir. Ona görə də mən dərslərimdə tez-tez Qarabağ savaşının qəhrəmanlarına müraciət edir, onların döyüş yolu, qəhrəmanlıq nümunələri haqqında şagirdlərə danışıram. Məsələn,  Milli Qəhrəman Etibar İsmayılov haqqında danışanda belə bir epizodu onların diqqətinə çatdırıram: “Birinci Qarabağ müharibəsi bütün dəhşətləri ilə davam edirdi. Beyləqan istiqamətində erməni işğalçılarının hücumlarının qarşısı alınmışdı. Qəflətən düşmən tanklarının hücumu başlandı. Bir tank sürətlə irəliləyir, ətrafına yağdırılan mərmilərə məhəl qoymurdu. Bir az da keçsə artıq səngərlərimizə çatacaqdı. Əsgər Etibar İsmayılov gözlənilməz qərar qəbul etdi, belinə bağladığı qumbara ilə tankın altına atıldı. Güclü partlayış baş verdi. Tank içindəki erməni faşistləri ilə birlikdə məhv edildi. Etibar İsmayılov da qəhrəmancasına həlak oldu”.

 

Və ya Mübariz İbrahimov haqqında danışaraq deyirəm ki, o, hərbi xidmətə könüllü getmişdi, kəşfiyyatçı idi. Düşmənə qarşı intiqam hissi ilə alışıb yanırdı. 2010-cu il 19 iyun gecəsində Mübariz xidməti silahını götürüb səngərdən çıxaraq, təmas xəttini keçib düşmən səngərinə doğru irəlilədi. Düşmən əsgəri Mübarizi görmüşdü. Mübariz atəş açaraq düşməni yerə sərdi. Avtomatı sinəsinə sıxıb dayanmadan atəş açırdı. Düşmən böyük itki verdi. Mübariz intiqamını aldı və həmin gecə qəhrəmancasına şəhid oldu.

 

Şagirdlərə izah edirəm ki, Etibar İsmayılovun,  Mübariz İbrahimovun bu qorxmaz hərəkətləri əsl vətənpərvərlik nümunəsidir. Vətənə bağlı olan, vətənini sevən insan vətən uğrunda həmişə fədakarlıq edər, hətta öz canından da keçə bilər. Böyük türk şairi Mithat Cemal Kuntay “Torpaq - əgər uğrunda ölən varsa vətəndir!” - demişdir. Torpağın uğrunda ölən yoxsa, o torpaq vətən ola bilməz.

 

Tarix əsrlər boyu Azərbaycana vətənpərvər övladlar bəxş etmişdir. Onlar adi adamlardır, təcrübəli sərkərdələrdir, müdrik siyasətçilər, uzaqgörən dövlət xadimləridir.

 

Bu gün Azərbaycan müstəqildir. Azərbaycan dövləti dünyanın sayılıb-seçilən dövlətlərindən biridir. Bu dövlətin vətənpərvər övladları istər vətəndə, istərsə də vətəndən kənarda boya-başa çatdıqları torpağın, mənsub olduqları xalqın şərəfini ləyaqətlə qoruyurlar. Hər bir vətənpərvər insan Azərbaycan adını uca tutur, bu torpağa hörmət gətirən xeyirxah əməllərlə məşğul olmağa çalışır.

 

Dərslərimdə şagirdlərə onu da çatdırıram ki, şəhidlik vətənpərvərliyin ən uca zirvəsidir. Son ana qədər erməni cəlladlarının işgəncələrinə tab gətirərək düşmənə boyun əyməyən yüzlərlə şəhidimiz vardır. Biz onların vətənpərvərliyi ilə fəxr edirik.

 

Gələcəyimiz olan şagirdlərimizi, gənclərimizi o ruhda tərbiyə etməyə çalışıram ki, gec-tez torpaqlarımız işğaldan azad ediləcək, öz doğma torpaqlarından məcburi köçkün düşən vətəndaşlarımız doğma yurdlarına qayıdacaqlar. Biz inanırıq ki, bütün bunlar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə güclü, qüdrətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində mümkün olacaqdır.

 

 

Musa QULİYEV,

Zəngilan  rayon 4 nömrəli tam orta məktəbin tarix müəllimi



14.04.2019 | 10:01