Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti VI Moskva Beynəlxalq Təhsil Salonunda iştirak etmək məqsədi ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olub.

 

Nümayəndə heyəti 10 aprel 2019-cu il tarixində Moskva Beynəlxalq Təhsil Salonunda nümayiş olunan Təhsil Nazirliyinin və beynəlxalq "Algoritmika" şirkətinin birgə pilot layihəsi olan "Rəqəmsal bacarıqlar”a həsr edilən stendlə tanış olub. Stenddə əsas məqsədi şagirdlərə rəqəmsal bacarıqların öyrədilməsi olan sözügedən layihənin əhatə dairəsi və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat nümayiş etdirilib. Stend sərgi iştirakçılarının böyük marağına səbəb olub.

 

Daha sonra Firudin Qurbanov Salon çərçivəsində təşkil olunmuş “Təhsil-həyat üçün” adlı panel müzakirəsində çıxış edib. Çıxış zamanı nazir müavini Azərbaycanda təhsil sahəsində həyat keçirilən islahatlar və əldə edilən nailiyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Firudin Qurbanov ölkəmizdə yeni məktəblərin tikintisinə, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə, peşə və ali təhsil sahələrinin rəqabətliliyinin artırılmasına yönəlmiş fəaliyyəti xüsusi olaraq qeyd edib.

 

Səfər çərçivəsində 11 aprel tarixində Firudin Qurbanov Rusiya Federasiyası maarif nazirinin müavini Pavel Zenkoviç, eləcə də elm və ali təhsil nazirinin müavini Marina Borovskaya ilə görüşüb. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Nümayəndə heyəti həmçinin, Moskva Dövlət Humanitar İqtisad Universitetində “Tələbə yazı” adlı silsilə elmi tədbirlər proqramının açılış mərasiminə qatılıb. Tədbirdə çıxış edən Firudin Qurbanov müasir dövrdə gənclərin elmə marağının artmasının vacibliyini qeyd edib və ali təhsil müəssisəsinin tələbələrinə uğurlar arzulayıb.

 



12.04.2019 | 17:15