Azərbaycanda "Ümumi imla" aksiyası keçirilib

Azərbaycanda  dördüncü dəfə  beynəlxalq  "Ümumi imla"  beynəlxalq təhsil  aksiyası keçirilib.  Bu il  tədbirə Azərbaycan Dillər Universiteti ev sahibliyi edib.   Azərbaycanda "Rossotrudniçestvo"nun və  ADU-nun Rusiyaşünaslıq Elmi Tədqiqat Laboratoriyasının  birgə təşkil etdiyi  aksiyada iştirak üçün 100-dən çox insan qeydiyyatdan keçib.  "Ali məktəb özü  "Ümumi imla"  aksiyasına ev sahibliyi etmək təşəbbüsü ilə çıxış edib, bu məqsədlə gözəl auditoriya ayırıb",-deyə  Azərbaycanda "Rossotrudniçestvo"nun nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin bildirib. Onun sözlərinə görə, elektron portal vasitəsilə imlada iştirak üçün 100 nəfər  qeydiyyatdan keçib. Buna baxmayaraq aksiyaya sonradan qoşulmaq istəyənlər də olub.   Aksiyanın  iştirakçıları  arasında  ali məktəb tələbələri, orta məktəblərin müəllim və şagirdləri, jurnalistlər olub.  İmlanın mətnini  universitetin müəllimi Diana Hüseynzadə oxuyub.


"Rossotrudniçestvo"  nümayəndəliyinin rəhbərinin müavini  Rusiyanın "TASS" agentliyinin müxbiri ilə söhbətində qeyd edib ki, Azərbaycanda rus dilinə maraq azalmayıb. "Buna sübut olaraq ölkədə hər il ümumtəhsil məktəblərinin  şagirdləri arasında  rus dili və ədəbiyyatı üzrə  respublika olimpiadasının keçirilməsini  göstərmək olar.  Ötən il  bu aksiya respublikanın 50 rayonunda 2500 şagirdin iştirakı ilə keçib. Bu il isə hələ ki, olimpiadanın 24 turundan 12-i keçirilib, ancaq iştirakçıların sayı artıq keçən ilki rəqəmlə bərabərləşib",-deyə A. Kalamin bildirib. "Rossotrudniçestvo"  nümayəndəliyində hesab edirlər ki,  qarşıdakı illərdə "Ümumi imla"nın coğrafiyası genişlənəcək  və iştirakçıların sayı artacaq.

 

Qeyd edək ki,  bu il  "Ümumi imla" dünyanın 80 ölkəsində keçirilib. Aksiyada 250 mindən artıq insan iştirak edib.

 

Oruc MUSTAFAYEV

 



15.04.2019 | 13:00