Naxçıvan Dövlət Universitetinin kollektivi Bəhruz Kəngərli Muzeyində olub

“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Bəhruz Kəngərli Muzeyində olublar. Muzeyin bələdçisi ətraflı məlumat verərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyev 2002-ci il iyunun 18-də muzeyin açılışında iştirak edib.  Muzeyin fondunda ümumilikdə 1250-dən artıq eksponat var. Bunlardan 388-i muzeyin ekspozisiyasında sərgilənir. Vurğulanıb ki, binanın birinci mərtəbəsində yerləşən 4 ekspozisiya zalında 181, ikinci mərtəsində yerləşən 5 ekspozosiya zalında isə 206 eksponat nümayiş olunur və bunlardan 61-i orijinal rəsm əsəridir.  

 

Diqqətə çatdırılıb ki, teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli bütün ömrü boyu mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışıb. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır.

 

Rəssamın Azərbaycanlıların başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin dəyərli nümunələridir. Sağlamlıq imkanları məhdud olan sənətkar cəmi 30 il ömür sürüb. O, maddi çətinliklərə baxmayaraq, əsərlərini sərgiləməklə kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayıb, onların təhsil almasına köməklik göstərib və yaddaşlarda təkcə rəssam kimi deyil, həm də Azərbaycan xalqının görkəmli nümayəndəsi kimi qalıb.

 

Qeyd edək ki, muxtar respublikada da Bəhruz Kəngərli irsi hər zaman diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi salonuna Bəhruz Kəngərlinin adı verilib, rəssamın əsərlərindən ibarət albom-kataloq hazırlanıb. Eyni zamanda, rəssamın 120 illik yubileyi muxtar respublikada geniş şəkildə qeyd olunub.

 



15.04.2019 | 15:45