Gənc istedaddan böyük marağa səbəb olan növbəti konsert

Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan musiqisi zalında “Klassik musiqi axşamı” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub. Gecədə P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının 4-cü kurs tələbəsi Nazxanım Dadaşova solo proqramla çıxış edib.

 

Qeyd edək ki,  beynəlxalq müsabiqələr və festivallar qalibi olan  N.Dadaşovanın adı Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə  gənc istedadların “Qızıl kitabı”na yazılıb və o, Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.

 

Klassik musiqi axşamında ifaçı Debussi “12 prelüd”, Şostakoviç “Prelüd və Fuqa –d-moll” v’ Qara Qarayevin “Tsarskoe selo heykəli”ni ifa edib. Tamaşaçı ilə ünsiyyət şəklində gerçəkləşən konsert böyük maraq və sevgi ilə qarşılanıb. Çünki, ifa etməzdən əvvəl gənc pianoçu hər bir əsər barədə söz açıb.  

 

Məlumat üçün bildirək ki, gənc istedad Moskvada təhsilini davam etdirməklə yanaşı,  paytaxtımızda  dəfələrlə konsert proqramları ilə çıxış edib.  Onun “Qəbələ” Beynəlxalq Musiqi Festivalında, Kamera və Orqan musiqisi zalında fortepiano musiqisindən ibarət konsert, “Gəncliyin dalğasında” adlı yay festivalı çərçivəsində Beynəlxalq Gənclər gününə həsr olunmuş klassik musiqi gecəsində,  bu günlərdə Qara Qarayevin ev-muzeyi və R.Behbudov adına 2 nömrəli Musiqi Məktəbində ifaları tamaşaçılarda xoş ovqat yaradıb. Bundan başqa, gənc ifaçı Rusiyada Azərbaycanla bağlı keçirilən mədəni tədbirlərdə yaxından iştirak edərək bu tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.

    

sala      Sifai SƏFƏROVA

 



16.04.2019 | 14:17