“18 aprel Beynəlxalq Abidələr və Tarixi yerlər Günüdür” mövzusunda elmi konfrans

Naxçıvan Dövlət Universitetində (NDU) “18 aprel Beynəlxalq Abidələr və Tarixi yerlər Günüdür” mövzusunda elmi konfrans keçirilib.

 

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, bu əlamətdar gün UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Diqqətə çatdırılıb ki, məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

 

“Arxiv və muzeyşünaslıq” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev “Muxtar respublikamızda tarixi-mədəni irsimiz qorunub yaşadılır” mövzusunda məruzə ilə çıxış edib. O, Naxçıvanın xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngin olduğunu qeyd edib. Qayaüstü təsvirlərin qeydə alındığı Gəmiqaya abidəsi Naxçıvanın ən qədim dövr incəsənətinin, mənəvi və maddi mədəniyyətinin canlı ensiklo­pediyasıdır.

 

Kafedranın müəllimi, Naxçıvan Muxtar Respublikası Əməkdar Mədəniyyət işçisi Zenfira Seyidova “Naxçıvan Mömünə Xatun türbəsi”i haqqında danışıb. Məruzəçi Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsinin bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirdiyini nəzərə çatdırıb. Ümumən İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən biri olan Mömünə Xatun türbəsinin belə uzunömürlüyü ilk olaraq onun mühəndis həllinin bitkinliyi ilə bağlıdır. Memar Əcəmi öz şah əsərində təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirib.

 

“Naxçıvanqala Tarix-Memarlıq muzey kompleksi” mövzusunda çıxış edən  kafedranın laborantı Nərmin Orucova isə bildirib ki, muzeyin, ümumilikdə kompleksin yaradılması bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarının əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olduğunu və bu torpağın antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zənginliyini sübut edir.

 

Sonda tələbələrin  bədii qiraəti dinlənilib.

 



16.04.2019 | 18:18