Akademik Ramiz Mehdiyevin kitabı xanlıqlar dövrünə obyektiv baxışın formalaşmasına təkan verəcək

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabının müzakirəsi keçirilib.

 

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynovun "Ramiz Mehdiyevin araşdırmalarında milli düşüncə, milli tarix və milli inkişaf məsələlərinə yeni baxış" mövzusunda məruzəsi dinlənilib. Alim, R.Mehdiyevin son illərdə Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid önəmli tədqiqatlar ortaya qoyduğunu və bunların təməlində ölkəmizin müstəqilliyinin, istiqlaliyyətinin daha da möhkəmləndirilməsinin dayandığını deyib. O vurğulayıb ki, hələ SSRİ zamanında Azərbaycan xanlıqlarına dair müəyyən tədqiqatlar aparılsa da, akademik R.Mehdiyevin kitabında bu dövrə aid tarixi həqiqətlər yeni siyasi gerçəkliklər kontekstindən araşdırılıb. Müəllif əsərdə xanlıqlar dövrünün bir sıra mübahisəli fakt və hadisələrinə, tarixi şəxsiyyətlərinə məhz qədim məktublaşmalar, indiyə kimi elmi dövriyyədə olmayan mühüm arxiv sənədləri vasitəsilə aydınlıq gətirib, mənbələrin təhlilini verib. Orta əsrlərdə yaranmış Azərbaycan dövlətlərinin ayrı-ayrı sülalərin adları ilə bağlı olduğunu, lakin xanlıqlar dövründə bölgələrin adları ilə adlandırılmağa başlandığını deyən R.Hüseynov, həmin tarixdən etibarən ölkəmizdə dövlət qurmağın təməllərinin atıldığını vurğulayıb.

 

Bu gün orta əsrlər məxəzlərinin, fars-ərəb dilli sənədlərin araşdırılması sahəsində tədqiqatların gücləndirilməsinin zəruriliyini bildirən alim, həmçinin İran, Türkiyə və Avropada ölkəmizə aid məxəzlərin Azərbaycana gətirilməsinin önəminə toxunub.

 

O, müəllif tərəfindən əsərdə Azərbaycanın tarixi və tarixi şəxsiyyətləri ilə bağlı yeni bədii əsərlərin yazılmasının qeyd olunduğunu önə çəkib və bu baxımdan nəşrin mənbəşünaslıq və məxəzşünaslığın inkişafında mühüm rol oynayacağını fikirlərinə əlavə edib.

 

Tədbirdə, həmçinin muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Xatirə Bəşirlinin "Azərbaycan xanlıqları siyasi-tarixi müstəvidə", şöbə müdirləri - filologiya üzrə elmlər doktoru, professor Şəfəq Əlibəylinin "Azərbaycanın siyasi tarixinə xanlıqlar dövrünün təsiri", filologiya üzrə elmlər doktoru, professor Kamil Allahyarovun "XIX əsrdə Azərbaycan Rusiya-İran müharibələri kontekstində", Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova Tohidinin "Azərbaycan tarixşünaslığında Qacarlar dövrünə dair yeni konseptual yanaşma" və "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktor müavini, tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimovun "Xanlıqlar dövrü tarixşünaslığına dəyərli töhfə" mövzusunda məruzəsi dinlənilib.

 



16.04.2019 | 21:01