Çexiyada Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi

Çexiyanın Ostrava Universitetinin Fəlsəfə fakültəsində Azərbaycanın Çexiyadakı səfirliyi və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilib. Tədbirdə Azərbaycanın qədim, orta və müasir dövrlərinə aid memarlıq komplekslərini, eləcə də təbiətini əsk etdirən fotoşəkillər nümayiş olunub.

 

Azərbaycan Fotoqraflar Birliyinin üzvləri - Mirnaib Həsənoğlu, Əminə Mirili, Fərqanə Qasımlı, Rauf Umudov, Fətəli Fətəliyev və İsmayıl Kərimova məxsus  fotoşəkillərdə Azərbaycana aid qədim alban kilsə və monastr kompleksləri, orta əsrlərə, Şirvanşahlar dövrünə aid saray tikililəri, Azərbaycanın UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş “Qız qalası” abidəsi və digər bir çox turizm baxımdan maraq doğuran məkanlar əksini tapıb.

 

Sərgini giriş sözü ilə açan Ostrava Universitetinin Fəlsəfə fakültəsinin nümayəndəsi Nela Parmova Azərbaycanın qədim tarixi və mədəniyyət nümunələrinə malik olmasından danışıb.

 

Tədbirdə Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfirinin köməkçisi Eldar Vəliyev, BSU-nun Çex Dili və Mədəniyyəti mərkəzinin müdiri Qəmbər Qəmbərov çıxış ediblər. Çıxışlarda Çexiya-Azərbaycan əlaqələrinə, eləcə də BSU ilə Ostrava Universitetinin əməkdaşlığının perspektivlərinə toxunulub.

 

Sərginin davamında Heydər Əliyev Fondunun hazırladığı "Land of Fires" ("Odlar Yurdu") adlı videonun təqdimatı olub, Azərbaycan bayrağı və rəqsləri barədə məlumat verilib, sərgi iştirakçıları ilə birgə "Yallı" rəqsi oynanılıb.

 

Qeyd edək ki, sərgi öz işini üç həftə davam etdirəcək.

 



18.04.2019 | 13:46