Azərbaycan Britaniya Kollecinin şagirdləri Aşqarlar Kimyası İnstitutunda olublar

Azərbaycan Britaniya Kollecinin bir qrup şagirdi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) olub.

 

AKİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev təmsil etdiyi institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, magistr və yüksəkixtisaslı kadr hazırlığı, əldə olunan uğurlar barədə şagirdlərə ətraflı  məlumat verib. O bildirib ki, institutda sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksional təsirli aşqarların sintezinin elmi əsaslarının yaradılması, alınma texnologiyasının işlənib hazırlanması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması, fizioloji fəal maddələrin sintezi və tədqiq sahəsində fundamental tədqiqatlar aparılır. Institutun mühüm elmi işləri sırasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunan neftin axınını sürətləndirən “Depresator-AKİ” aşqarı, işlənmiş yağ və sürtkü materiallarının təkrar regenerasiyası, neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi üçün yaradılan fitobioremedasiya üsulu və müxtəlif xəstəliklərə qarşı antioksidant təsiri göstərən fizioloji fəal maddələrin sintezi xüsusidir.

 

Sonra məktəblilər institutun korroziya inhibitorları, fiziki-kimyəvi analiz və zərif üzvi sintez laboratoriyalarını gəzərək,  müasir cihaz və avadanlıqlarla tanış olublar.

 

Azərbaycan Britaniya Kollecinin imtahan və qiymətləndirmə departamentinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Həsən Həsənov, məktəbin biologiya müəllimi Mələk Əzizova ekskursiyanın  şagirdlərdə böyük təəssürat  yaratdığını nəzəri öyrəndikləri biliyin bilavasitə təcrübədə əyani gördüklərini bildiriblər.

 

Məlumat üçün bildirək ki, AKİ-də Əli Quliyev, İzzət Orucova, Vaqif Fərzəliyev və Kamil Sadıqov kimi görkəmli akademiklər, kimyaçı alimlər fəaliyyət göstəriblər. Onların formalaşdırdığı “Aşqarlar kimyası” məktəbi dünya elminə, eyni zamanda Azərbaycan iqtisadiyyatına böyük töhfələr verən elmi işlərə imza atıb.

 

Sifai SƏFƏROVA

 



18.04.2019 | 16:35