PISA-nın gələcəyi haqqında

“PISA dünya səviyyəli təhsil agentliyidir və 21-ci əsrin yaradıcılıq və rəqəmsal savad kimi bacarıqlarını qürurla təqdim edir”,-deyə Birləşmiş Ərəb Əmirliyində təhsil və bacarıqlara həsr olunmuş forumda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil departamentinin rəhbəri, PISA-nın qurucusu Andreas Şleyxer bildirib. Onun sözlərinə görə, PISA reytinqi artıq 2000-ci ildən dəyişib, ancaq inkişaf etməkdə davam edir. A.Şleyxer qeyd edib ki, PISA ilk dəfə müxtəlif ölkələrdə seçilmiş məktəblərdə 15 yaşlı uşaqların təlim nailiyyətlərini qiymətləndirməyə başlayanda dünyanın ən zəngin ölkələri tədqiqata qoşulmaq arzusunu bildirmişdi. Ancaq o vaxtdan PISA-ya üzvlük genişlənib və indi OECD-yə daxil olmayan 40-dan çox ölkə PISA-ya qoşulub. Hindistan 10 illik fasilədən sonra yenidən PISA-ya qayıdıb.

 

 

“Şagirdlərin məktəbdə nə ilə məşğul olmasına az diqqət yönəldirik”

 

 

Bununla belə, hazırda OECD həmçinin aşağı gəlir səviyyəsinə malik ölkələri də tədqiq edir (PISA for Development). “Əgər siz beş il əvvəl məndən soruşsaydınız ki, müharibə və münaqişələr nəticəsində dağıntılara məruz qalmış Salvador, Qvatemala, Honduras və ya Paraqvay kimi ölkələr tədqiqatlarda olacaqmı, mən bunu təsəvvür belə etmədiyimi deyərdim.

 

Ancaq indi bu ölkələr də PISA-nın tərkib hissəsidir”, - deyə Şleyxer bildirib. O, PISA-ya artan marağı bu tədqiqatın ən yaxşı təhsil təcrübələri üçün kraudsorsinq platforması kimi fəaliyyət göstərmək qabiliyyəti ilə izah edir. “Səbəb ondadır ki, daha çox ölkələr bu qlobal tədqiqatla maraqlanırlar: biz nəyi öyrətməliyik və bunu hamıdan daha yaxşı necə edə bilərik” - deyən Şleyxer əlavə edib ki, “təhsil qərarlarının sərhədləri yoxdur və onlar öz təbiəti etibarı ilə yalnız bir ölkənin daxili işi deyil”. Onun sözlərinə görə, son illərdə dünya dəyişdiyi kimi, PISAda dəyişir,  savadlılıq standartı, hesabat və elmi göstəricilər də yenilənib: “Biz şagirdlərin məktəbdə nə ilə məşğul olmasına az diqqət yönəldirik,  daha çox onun qayğısına qalırıq ki,  gənclərə sabahkı gün uğur qazanmaları üçün hansı koqnitiv, sosial-emosional səriştələr lazımdır”.  

 

 

“Şagirdlərin öyrəndikləri şeylərə daha çox nəzər salmalıyıq”

 

 

A.Şleyxerin sözlərinə görə, hər 3 ildən bir keçirilən PISA testi təhsil sahəsindəki problemlərin birgə həllini və qlobal bacarıqları ölçür, ancaq 2021-ci ildə həm də şagirdlərin yaradıcı düşüncəsini də ölçməyə başlayacaq. PISA komandası həmçinin təhsilalanların 2024-cü il qiymətləndirməsinə hazır olması üçün onların rəqəmsal təliminin yoxlanılması üsulunu da hazırlayır.

 

“Siz alqoritmin qulu ola bilərsiniz, hansı ki, sizə düşünmək və nə etmək lazım gəldiyini deyir, ancaq texnologiyalar həmçinin insan bacarıqlarının inkişafı üçün əla alət ola bilər. Buna görə də biz texnologiyalardan istifadə etməyə kömək edə biləcək koqnitiv resursları öyrənmək istəyirik”, - deyə PISA-nın rəhbəri bildirib. A.Şleyxerin fikrincə, bu irəliləyişlər bütün dünyada təhsil sistemlərinin əksəriyyətində ciddi islahatlara ehtiyacın vacibliyini əks etdirir. Bir çox məktəblərdə hazırda dəbdən düşmüş, əzbərçilik, mexaniki yadda saxlama kimi metodlardan istifadə etməklə köhnəlmiş informasiyanı öyrədirlər. “Triqonometriya 400 il əvvəl sahələrin ölçüsü üçün faydalı idi.  Biz onun vacibliyini şübhə altına almırıq. Ancaq biz şagirdlərin bu gün öyrəndikləri şeylərə daha çox nəzər salmalıyıq.  Təhsil “mühafizəkar sosial müəssisə”dir.  Məktəb rəhbərləri, müəllimlər və valideynlər dəyişikliklərə müqavimət göstərə bilərlər. Nə vaxt ki, mən tədris proqramlarının dizaynı üzərində işləyən insanlarla ünsiyyət saxlayıram, status-kvonun müdafiəsi haqqında söhbət gedir. Bugünkü tələbələr çox yaxşı anlayırlar ki, onlar üçün nə əhəmiyyətlidir və necə oxuyurlar”. A.Şleyxer hesab edir ki, PISA faktiki olaraq aşağı təlim nəticələrinin faktiki təhlilinə və pis oxuyan şagirdlərin üzləşdikləri problemlərə dair məlumat  təqdim etməklə məktəb heyətinə təlimin nəticələrini yaxşılaşdırmaqda  kömək edə bilər.

 

Portuqaliyanın təhsil məsələləri üzrə dövlət katibi Joao Kosta hesab edir ki, PISA-nın təlimdə bacarıqların ölçülməsi və inkişaf etdirilməsi məqsədilə yaradılmasına baxmayaraq siyasətçilər onun mahiyyətini yaxşı anlamırlar. J.Kosta deyib ki, çox ölkələr öz nəticələrini yaxşılaşdırmaq üçün PISA-ya hələ də “dar”  tədris proqramı kimi baxır. J.Kosta əlavə edib ki, PISA-nı reytinq agentliyi kimi yox, formalaşdırıcı alət kimi qəbul edin.

 

J.Kostanın sözlərinə görə, Şleyxer PISA-nın “analitik imkanlarını yaxşılaşdırmaq”, nəticələrinin məktəblər, müəllimlər, şagirdlər üçün daha faydalı olması məqsədilə onu daha təfərrüatlı etməyə çalışır: “Hazırda PISA bizə məktəb sistemlərinin effektivliyi barədə məlumat verir, amma mən düşünürəm ki, məktəblərə əks əlaqənin ən yaxşı mənbəyini vermək də əhəmiyyətlidir”.

 

Mənbə: (www.devex.com/news/pisa-founder-andreas-schleicher-on-the-future-of-the-education-ranking-94561)

 

Oruc MUSTAFAYEV



19.04.2019 | 13:17