Belə getsə, müəllim uşaqdan “ev tapşırığını niyə etməmisən?”, deyə soruşa da bilməyəcək...

Son bir neçə həftəyə nəzər yetirsək, mətbuatda yayımlanan xəbərlərin cəmiyyət arasında təhsilə olan güvənin sarsıdılmasına, ölkəmizin təhsil sistemində stabilliyin pozulmasına yönəlik xarakterdə olduğu aydın şəkildə görünür. Sanki, hər kəs birləşərək təhsilimizi hədəfə alıblar. Qorxudan isə odur ki, baş verənlər valideynlərdə məktəbə qarşı fobiya yaradır və artıq onlar övladlarını nəinki məktəbə, hətta oradakı müəllimlərə etibar etməyə çəkinirlər. Bəs, buna çalışanlar kimlərdir? Azərbaycan təhsilini ləkələyərək onlar nə qazanır? Nə etməliyik? Bu məsələ ilə bağlı musavat.com olaraq ekspert rəylərini almışıq.

 

 

“Fürsət təhsil olmamalıdır, təhsil fürsət olmalıdır”

 

 

1 milyon 600 min şagirdin içərisində intihar, ölüm hallarının ola bilmə ehtimalının danılmaz olduğunu təəssüf hissi ilə qeyd edən millət vəkili Aydın Mirzəzadə son günlər mediada daha çox fürsətcil insanların önə çıxdığının şahidi olduğunu deyir: “Şübhəsiz ki, ölüm, intihar kimi halların qarşısını almaq üçün tədbirlər görmək lazımdır.

 

Ancaq son vaxtlar mediada müşahidə etdiyim odur ki, kimin kimdən köhnə umu-küsüsü, problemi varsa, yenidən o məsələni gündəmə gətirir, sanki fürsət qazanıblar. Məsələn, o gün oxudum ki, 70 yaşlı nənə nəvəsini gətirib ki, bəs, məktəbdə iki il bundan əvvəl zorlama hadisəsi baş verib. Əzizim, iki il bundan əvvəlki zorlanmanı indi necə ayırd etmək olar? Ya da ki, bu günlərdə iki uşaq dürtmələşib üçüncü ilə toqquşub. Valideyn 102-yə zəng edib ki, uşağımı döyüblər. Əziz dostlar, hara gedirik! İstəyirsiniz ki, müəllim uşaqdan hətta “ev tapşırığını niyə etməmisən?”, deyə soruşa da bilməsin? Məktəb ictimai məkandır, burada hansısa kritik hadisələr baş verə bilər, ancaq bunu mediada layk başlıqlara çevirməklə biz hara gedirik?! Düşünmürsünüz ki, bununla biz həm də daha çox öz qüvvəmizi dedi-qoduya, dava-dalaşa, düşmən axtarışına yönəldirik. Biz ölkəmizin gücünə güc qatmaq üçün məktəbdə innovasiyadan, olimpiadadan, yeni yanaşmalardan danışmalıyıq, yoxsa kimsə kimisə dürtmələdi söhbətlərindən deyil”.

 

 

“Təhsilimizə etimad qazandırmağa çalışmalıyıq”

 

 

Media mütəxəssisi Ələsgər Əhmədoğlu deyir ki, medianın işi ictimai əhəmiyyətli bir məlumatı xəbərləmək ola bilər, amma onlar bu cür xəbərlərə bənzər hadisələrə önləyici münasibətdə də yanaşmalıdırlar. İctimai əhəmiyyət daşıyacaq məsələ, sözsüz ki, müzakirəyə çıxarılmalıdır, amma bu, azyaşlı uşağın inkişafına mənfi təsir edəcək, onların məktəbdən soyumasına gətirib çıxaracaq davranışlarla yekunlaşmamalıdır.

 

Ə.Əhmədoğlunun fikrincə, cəmiyyətin iştirakı ilə təhsilə olan güvən ya bərpa oluna bilər, ya da itirilə bilər: “Hər kəs təhsilin problemlərini müzakirə edib, onun həllinə aparacaq təkliflərə açıq olmalıdır. Təhsil hamımızın ümid yeridir. Biz təhsilimizin gözdən düşməsi üçün deyil, ona etimad qazandıraraq övladlarımızı etibar edə biləcəyimiz məktəb və müəllimlərin olduğu bir cəmiyyət formalaşdırmalıyıq. Təhsildə əməyi keçən hər müəllimə hörməti yüksəltmək lazımdır. Biz hər bir problemi önümüzdəki dərs vəsaiti kimi görüb ondan öyrənməliyik və həll etməyə çalışmalıyıq”.

 

 

“Kim günahkardırsa mütləq cəzalandırılır”

 

 

Jurnalist Orxan Fikrətoğlunun sözlərinə görə, son yaşananlar ölkəmizdə baş verən hər bir hadisənin qanun çərçivəsində həll olunduğunu bir daha göstərdi: “Demək, cəmiyyətimizdə həqiqətən kim günahkardırsa, mütləq cəzalandırılır. Düşünürəm ki, bu zəmində daha artıq addımlar atmağın yeri yoxdur.Təhsil Nazirliyi və hüquq-mühafizə orqanları ədalətli şəkildə bu məsələnin həll olunmasında maraqlıdır. Ona görə də müəyyən strukturların, müəyyən insanların dövlətin təməl prinsiplərinin pozulmasına yönəlik addımlarının qarşısı cəmiyyət tərəfindən alınmalıdır. Unutmayaq ki, cəmiyyətdə stabilliyin pozulması daha çox intihar hadisələri ilə nəticələnə bilər. Uşaqların kövrək psixologiyası qorunmalıdır. Məktəblər, müəllimlər uşaqlara yeni davranış parametrləri ilə yanaşmalıdırlar. Onlara güvən ötürməlidirlər”.

 

Görünən odur ki, müəyyən qruplaşmaların axınına qoşularaq təhsilimizdə yaşanan uğurları, müsbət köklü dəyişiklikləri kölgə altına salmaqdansa, təhsilimizi həmin insanlardan qorumaq bizim üzərimizə düşür. Gəlin, qara qüvvələrin arxasıyca getməkdənsə, ildən-ilə inkişaf edən təhsilimizə etimadı artırmağa çalışaq.



19.04.2019 | 13:58