“Nəsimi ili” uşaqların gözü ilə” mövzusunda açıq dərs

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında Kürdəmir şəhər 2 nömrəli məktəb-liseyin ibtidai sinif şagirdləri üçün “Nəsimi ili” uşaqların gözü ilə” mövzusunda açıq dərs keçirilib.

 

Qonaqlar əvvəlcə muzeyin ekspozisiyası və Nəsimi guşəsi ilə tanış olublar.

 

Tədbirdə filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edən Nəsimi yaradıcılığı haqqında məlumat verib. O, şairin yaradıcılığının dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından müstəsna əhəmiyyətə malik olduğunu, böyük mütəfəkkirin 650 il öncə yaşayıb-yaratmasına baxmayaraq, yazdığı əsərlərinin ana dilimizi və bədii sözümüzü zirvələrə qaldırdığını söyləyib. Dövlətimiz tərəfindən Nəsimi irsinin layiqincə qiymətləndirildiyini deyən Y.Bahadurqızı şairin yaradıcılığının dünyada tanınması, adının əbədiləşdirilməsi, əsərlərinin araşdırılması və kütləvi şəkildə nəşr edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Filial müdiri hazırda Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu ilin “Nəsimi ili” elan edilməsini şairin yaradıcılığına göstərilən ehtiramın nəticəsi kimi dəyərləndirib. O, keçirilən açıq dərsin məktəblilərin milli-mənəvi sərvətlərimizə sahib çıxmaları və klassik irsimizi mənimsəmələri baxımından əhəmiyyətini vurğulayıb.

 

Məktəbin ibtidai sinif müəllimi Arzu Həsənova isə bildirib ki, bu gün cəbhədə döyüşən əsgərlərimizin mübarizliyində, elm, təhsil sahəsində dünya səviyyəsinə çıxan gənclərimizin əzmində, eləcə də sosial-iqtisadi inkişafımız üçün qüvvə və bacarıqlarını ortaya qoyan Azərbaycan ziyalılarının iradəsində Nəsiminin rəşadəti var. O, filosof şair Nəsimini şagirdlərə ibtidai sinifdən sevdirməyin və tədris etməyin vacibliyini qeyd edib.

 

Sonra şagirdlər Nəsiminin Azərbaycan dili və ədəbiyyatının inkişafındakı xidmətlərindən danışaraq şairin qəzəllərindən nümunələr söyləyiblər.

 

Samirə KƏRİMOVA

 



19.04.2019 | 16:52