“Heydərbabaya salam” poeması müzakirə edilib

Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması müzakirə edilib.

 

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Oxunması zəruri olan kitablar” haqda sərəncamını xatırladıb.

 

Müzakirə edilən əsərdən bəhs edən rektor bildirib ki, Heydərbaba dağı bir gün yerlə-yeksan olar, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeiri nəsildən-nəsilə ötürüləcək və yaddaşda qalacaqdır.

 

Universitetin Elmi Kitabxanasının direktoru Fariz Əhmədov “Şəhriyar nisgilinin sönməyən odu: "Heydərbabaya salam" əsəri” mövzusunda çıxış edib. O qeyd edib ki, əsər illərdən bəri Vətəndən ayrı düşmüş, Vətənə qovuşmaq arzusu ilə yaşayan Şəhriyarın ürəyində dönə-dönə təkrarlanıb və yalnız anasının Tehrana gəlişindən sonra qələmə alınıb. İki hissədən ibarət olan poemanın birinci hissəsi Tehranda, ikinci hissəsi isə Təbrizdə yazılıb. Vurğulanıb ki, sadə bir formada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və 2003-cü ilin mart ayında Təbrizdə nəşr olunub.

 

Sonra tələbələrin ifasında “Heydərbabaya salam” poemasının bədii qiraəti dinlənilib. Poemanın bədii qiraətində iran, türk, nigeriyalı tələbələr də fəal iştirak edib.

 

Tədbirdə Şəhriyarın həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş olunub.

 



19.04.2019 | 17:54