Coğrafiya İnstitutunda məktəblilərlə növbəti görüş

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Yasamal rayonu 286 saylı orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın üzvləri üçün seminar-məşğələ keçirilib.

 

Məktəblilər əvvəlcə AMEA-nın ikinci mərtəbəsində yerləşən sərgidə Coğrafiya İnstitutunun  fəaliyyəti ilə tanış olublar.

 

Seminar-məşğələ İnstitutun konfrans zalında davam edib. Elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov bildirib ki, məktəblərdə “Kiçik Akademiya”nın təşkili istedadlı gəncləri üzə çıxarmağa, həmçinin şagirdlərdə elmə və  elmi yaradıcılığa  marağın artmasına, onlarda məntiqi təfəkkürün inkişafına zəmin yaradır.  

 

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Ələkbərova gənc alimlərin fəaliyyəti haqqında şagirdlərə məlumat verib, apardıqları elmi tədqiqat işlərindən söhbət açıb.

 

“Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin böyük elmi işçisi Etibar Bədəlov Azərbaycanın regionları haqqında məruzə ilə çıxış edib. O, ölkənin coğrafi mövqeyi, təbii şəraiti, əhalisinin məskunlaşması, ekologiyası, tarixi-mədəni abidələri və s. haqqında ətraflı məlumatlar verib.

 

Turizm və rekreasiya şöbəsinin rəhbəri Zaur İmrani “Orta məktəb dərsliklərinin yazılması prosesində coğrafiya alimlərinin rolu” mövzusu ilə çıxış edib və uşaqları maraqlandıran sualları cavablandırıb.

 

“Kiçik Akademiya”nın rəhbəri, İnstitutun Tibbi coğrafiya şöbəsinin elmi işçisi Solmaz Rzayeva isə məktəbdə Akademiyanın yaradılması və fəaliyyəti haqqında danışıb. 

 

Gənc “coğrafiyaçılar” “Ekoloji mühitin qorunması”, “Həyat mənbəyimiz-su”, “Azərbaycanın coğrafiyaçı alimləri”   mövzularında təqdimatlarla çıxış ediblər.

 

Sonra şagirdlərlə sual-cavab şəklində müsabiqə keçirilib və qaliblərə kitablar hədiyyə edilib.

 

Məktəbin əməkdaşı, əməkdar müəllim Naibə Ələkbərova məktəb kollektivi adından Coğrafiya İnstitutunun müdiriyyətinə və Gənc Alim və Mütəxəssislər Şurasına minnətdarlığını ifadə edib,  belə tədbirlərin davam edəcəyinə ümidvar olduğunu bildirib.

 



19.04.2019 | 18:25