“Heydər Əliyev və müasir Azərbaycan təhsili” adlı Respublika tələbə-şagird elmi konfransı keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan təhsili” mövzusunda Respublika tələbə-şagird elmi konfransı keçirilib.

 

Konfransda bir sıra rayon və şəhər orta məktəblərinin, liseylərin şagirdləri, eləcə də ali təhsil ocaqlarının müəllim və tələbələri iştirak ediblər.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla konfransın ulu öndər Heydər Əliyevə həsr olunmasını əlamətdar hal kimi dəyərləndirib: “Tələbə-şagird konfransı ciddi və faydalı addımdır. Bu, məktəblə universitetin əlaqəsinin möhkəmlənməsi deməkdir, təhsilin bugünkü hüdudları fonunda məktəb, universitet sistemimizdə gedən islahatlarla bağlıdır. Mənə elə gəlir ki, konfransdan əlavə də bizim tələbələrimiz, şagirdlərimiz, müəllimlərimiz bir-biri ilə maraqlı mövzular ətrafında söhbətlər edə biləcəklər. Məqsəd birdir-Azərbaycan məktəbləri ilə əlaqələri gücləndirmək, Azərbaycan ziyalılığının təkcə Bakıda yox, eyni zamanda ən ucqar hüdudlarda da yaşadığını göstərmək”. Rektor vurğulayıb ki, bu gün Azərbaycanın köçkün məktəblərində, yenicə azad edilmiş torpaqlarında fəaliyyət göstərən məktəblərində intibah işləri gedir, dirçəliş işləri aparılır. Bu dirçəlişin, bu inkişafın müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. İlham Əliyevin fədakar, cəsarətli, qətiyyətli, ləyaqətli siyasəti bu gün Azərbaycanın bütün sahələrini dünyada, regionda təmsil etməklə yanaşı, Azərbaycan təhsilinin də şərəfli yerini göstərir. Prezidentimiz Ulu Öndərin yolu ilə ləyaqətlə addımladıqca bu gün Azərbaycan universitetləri, məktəbləri dünya miqyasına çıxır, dünya universitetləri, məktəbləri ilə əlaqəsini qurur.

 

Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Zəhra Hüseynova tələbə-şagird konfransının ikinci dəfə baş tutduğunu bildirib və konfrans haqqında geniş məlumat verib.

 

N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev konfransın işini yüksək qiymətləndirib. O, ADU tələbələrinin rəhbərlik etdiyi məktəbdə təcrübə fəaliyyətindən söz açıb.

 

Bakı “SABİS SUN” Beynəlxalq məktəbinin direktoru Todd Flanagan da belə bir konfransın keçirilməsini təqdir edib. O, konfransda multikulturalizm məsələləri ilə bağlı həmkarları ilə dəyərli müzakirələr aparmaq şansı əldə etdiyini bildirib. Beynəlxalq məktəbdə müxtəlif xalqların nümayəndələri ilə birgə işləmək imkanı olduğunu deyən T.Flanagan qloballaşmada təhsilin önəmindən danışıb.

 

ADU-nun Elmi işlər üzrə prorektoru professor Sevinc Zeynalova gənclərimizin elmə, təhsilə cəlb olunmasının Azərbaycan dövlətinin təhsil siyasətinin əsas və prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

 

Cocuq Mərcanlı kənd tam orta məktəbində təcrübədə olan tələbə Aysel Səlimova layihənin müasir təhsilimizdə yenilik olduğunu söyləyib.

 

Ağdam 1 nömrəli köçkün tam orta məktəbinin X sinif şagirdi Nazpəri Rəhimli “Qloballaşan dünyada multikulturalizm modelləri” məruzəsi ilə çıxış edib.

 

Konfransın “Azərbaycan təhsil sistemi dünya təhsil məkanında”, “Xarici dillərin tədrisinə müasir yanaşmalar”, “Tərcümə və mədəniyyətşünaslığın aktual problemləri”, “Dil və ədəbiyyat”, “Qloballaşan dünyada multikulturalizm modelləri”, “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusunda bölmə iclasları ilə davam edib. İclaslarda tələbə-müəllim heyəti ilə yanaşı, məktəb şagirdləri də məzurələrlə çıxış ediblər.

 

Konfransın bağlanış mərasimində köçkün məktəblərinin şagirdlərinə sertifikatlar və hədiyyələr təqdim olunub.

 



22.04.2019 | 14:58