ADPU-nun magistrantları Bakı şəhər aqlomerasiyasını tədqiq edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsinin Coğrafiyanın tədrisi metodikası və metodologiyası (CTM) ixtisasının I tədris ili magistrantlarının “Coğrafiyanın tədrisində diyarşünaslıq prinsipi” fənnindən növbəti tədqiqatları Bakı şəhərinin aqlomerasiyaya necə çevrilməsini araşdırılması olub.

 

Magistrantlar əvvəlcə gənc memar Vüsal Abbasovun vasitəsi ilə qədim Bakı haqqında çəkilmiş videonu əldə edərək həmin  görüntülər vasitəsi ilə Bakının 1920-ci illərdəki vəziyyəti, bulvarın görünüşü, küçələr, binalar, parklar, nəqliyyat, ümumi şəhərin görünüşü və s. müşahidə ediblər.

 

Sonra “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun 4 nömrəli MPŞ-inin əməkdaşı olan gənc memar Jalə Əbdürrəhmanova və Bakı Dövlət Layihə İnstitutunun memarı Aynur Manaflı 1969-cu ildə Bakı şəhərinin planlaşdırma eskizi, 1986-cı ildə müəlliflər Abbas Ələsgərov, Teodor Şarinski, Rasim Əliyev və Feyzulla Quliyev tərəfindən çəkilmiş Bakı şəhərinin Baş planı ilə magistrantları tanış ediblər.

 

Bakı şəhərinin aerokosmik şəkilləri ilə tanış olduqdan sonra  fənn müəllimi dosent  Mirvari Verdiyeva Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin baş memarı Akif Abdullayevlə magistrantların görüşünü təşkil edib.

 

A.Abdullayev Bakı şəhərinin inkişaf mərhələləri, müasir görkəmi haqqında lazım olan elmi məlumatları bölüşüb, magistrantları Bakı şəhərinin Baş Planı ilə tanış edib. O, çıxışında Azərbaycanın olduqca istedadlı və bənzərsiz layihələri ilə seçilən memarları barədə də məlumat verib.  

 

Magistrantların suallarını cavablandıran və ömrünün 17 ilini Bakı şəhərinin Baş memarı kimi əvəzolunmaz bir fəaliyyətə həsr edən A. Abdullayev görüşün onda xoş təəsürat yaratdığını bildirib.

 

Sonra magistrantlar fənn müəllimi ilə birlikdə Qız qalasından Bakı şəhərinin vizual görünüşünü lentə  alaraq növbəti tədqiqatları üçün materiallar toplayıblar. 

 

ADPU, Taleh MİRZƏYEV

 



22.04.2019 | 16:10