ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb.

 

Səfiri yeni təyinatı münasibəti ilə təbrik edən rektor Azərbaycan və ABŞ arasında olan yüksək səviyyəli ikitərəfli münasibətlər haqqında danışıb. K. Abdulla ümidvar olduğunu bildirib ki, Örl Litzenberqerin səyləri nəticəsində ikitərəfli əlaqələr bundan sonra da uğurla inkişaf edəcək. Azərbaycanın çoxmillətli ölkə olduğunu deyən rektor xüsusi vurğulayıb ki, multikulturalizm siyasəti ölkəmizdə uğurla həyata keçirilir.

 

ADU-nun rektoru ABŞ səfirinə universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsi haqqında məlumat verib. Ölkəmizdə fəaliyyət göstərən diplomatların “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşünü uğurlu təcrübə kimi dəyərləndirən K.Abdulla diplomatı mühazirə deməyə dəvət edib.

 

Öz növbəsində Azərbaycanın mədəniyyəti, azərbaycanlıların qonaqpərvərliyi haqqında yüksək fikirlər səsləndirən səfir, eyni zamanda, ADU-nun Bakı Amerika Mərkəzinin uğurlu fəaliyyətinə də toxunub.

 

Səfir əlavə edib ki, diplomatik fəaliyyətində tələbə mübadiləsini gücləndirməyə, mübadilə proqramlarını inkişaf etdirməyə xüsusi diqqət göstərəcək: “Bu, mənim əsas məqsədlərimdən biridir. Azərbaycanın hər yerində tələbələrin ingilis dilini öyrənməsi imkanlarını artırmaq da əsas hədəflərdən biridir. İlkin müşahidəm odur ki, azərbaycanlı gənclər ingilis dilini öyrənməyə böyük maraq göstərirlər”.

 

Diplomat ADU-da “Səfir saatı” layihəsində mühazirə oxumağı da böyük məmnuniyyətlə qəbul etdiyini bildirib.

 



23.04.2019 | 12:33