Ümumşəhər bədii qiraət müsabiqəsinin qalibləri mükafatladırılıb

Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının çoxəsirlik ənənələrə malik bədii və fəlsəfi fikirində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilmiş ümumşəhər bədii qiraət müsabiqəsinin yekun mərasimi keçirilib.

 

MDU-nun “Humanitar fənlər” kafedrasının müdiri, dosent Esmira Cəfərova Nəsiminin yaradıcılığından bəhs edib. O, Nəsiminin Azərbaycan xalqının XIV yüzillikdə ərsəyə gətirdiyi ən böyük mütəfəkkir şairlərdən və ideya fədailərindən biri olduğunu deyib. Şairin İslam Şərqinin hər üç ədəbi dilində əsərlər yazdığını və daha çox Azərbaycan türkcəsində qələmə aldığı ölməz qəzəlləri ilə yaddaşlara həkk olunduğunu söyləyən kafedra müdiri, Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri olduğunu diqqətə çatdırıb.

 

MDU-nun müəllimi, Nəsimişünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əbülfət Həsənoğlu Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib. O bildirib ki, Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb. Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib. Lakin Nəsimi istedadının miqyası o qədər geniş idi ki, o, öz yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyildi. Mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi.

 

Ə.Həsənoğlu vurğulayıb ki, Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüs və səyləri ilə hələ SSRİ dövründə Bakının mərkəzində şairin abidəsi ucaldılıb, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülüb. Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamları, bu gün ölkəmizdə şairə verilən yüksək dəyərin əyani göstəricisidir.

 

Sonra İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilmiş ümumşəhər bədii qiraət müsabiqəsinin qalibləri mükafatladırılıb.

 

MDU-nun rektoru Akif Hacıyev çıxış edərək, müsabiqədə iştirak edən şagird və tələbələri, onların müəllimlərini təbrik edib. Rektor Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğunu diqqətə çatdırıb. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan, əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən şair olub.

 

Sonra MDU-nun Akt zalında Nəsimiyə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Nəsiminin zəngin irsini əks etdirən kitablar təqdim olunur.

 



23.04.2019 | 14:57