ADNSU, “BP Azerbaijan” və “British Council” arasında sənəd imzalanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “BP Azerbaijan” və “British Council” arasında universitetin 90 nəfər müəlliminə və 200 tələbəsinə intensiv ingilis dili təlimi keçirilməsinə dair sənədin imzalanma mərasimi keçirilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı müqavilənin əhəmiyyətindən danışıb. O, ali təhsilin keyfiyyətinin yüksəldilməsi işində qabaqcıl dünya təcrübəsinin öyrənilməsinin önəmini qeyd edərək, professor-müəllim heyətinin və tələbələrin, xüsusilə ingilis bölməsində tədris aparan əməkdaşların və təhsil alan gənclərin ingilis dilinə yüksək səviyyədə yiyələnmələrinin vacibliyini vurğulayıb. ADNSU-nun bununla bağlı hazırladığı təklif layihəsinə müsbət münasibət bildirdiyinə, qısa müddət ərzində maliyyə vəsaiti ayırdığına və təşkilati işləri həll etdiyinə görə “BP Azerbaijan” şirkətinə təşəkkürünü bildirən rektor bunun sayəsində texniki fənlərin ingilis dilində tədrisinə böyük töhfə veriləcəyini deyib.

 

“BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi şirkətin təhsil layihələrinə daim diqqət və həssaslıqla yanaşdığını bildirib. Universitetin neft, qaz, mədən, kimya və digər mühəndis ixtisasları üzrə kadr hazırlanmasında zəngin təcrübəsini və ali məktəbin bir çox məzunlarının şirkətdə çalışdıqlarını qeyd edən B.Aslanbəyli hazırkı tələbələrin gələcəkdə “BP Azerbaijan”ın potensial əməkdaşları kimi nəzərdən keçirildiklərini söyləyib. Vitse-prezident buna görə də tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi yetişdirilməsi işini dəstəklədiklərini vurğulayıb.

 

“British Council”ın Azərbaycandakı ofisinin direktoru Samr Şah ADNSU ilə artıq neçə ildir ki, əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edərək belə bir irimiqyaslı layihədə universitet və “BP Azerbaijan” ilə birlikdə iştirak etməkdən məmnun olduqlarını bildirib. O, “British Council”ın Azərbaycandakı ofisi üçün də bu layihənin əhəmiyyətli təcrübə olacağını vurğulayıb.

 

Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “BP Azerbaijan” şirkəti və “British Council” təşkilatı arasında müqavilə və Niyyət məktubu imzalanıb.

 

Sənədə əsasən universitetin 90 müəlliminə və 200 tələbəsinə intensiv ingilis dili təlimi keçiriləcək. Razılaşmaya əsasən, mayın 1-dən başlanacaq təlimlər iyul-avqust ayları istisna olmaqla dekabrın 31-dək davam edəcək. Təlimlər həftədə 3 dəfə 2 tədris saatı keçiriləcək. “British Council” təşkilatı “Aptis” testindən istifadə edərək bütün müəllimləri testdən keçirəcək. “Aptis” üzrə ən yüksək bal toplamış 15 ingilis dili müəllimi (ən aşağı B2 və daha yüksək) ingilis dili təlimçisi kimi seçiləcək. “British Council”ın mütəxəssisləri ADNSU-nun 15 müəlliminə və onlar da öz növbəsində ikinci semestr ərzində 200 tələbəyə təlim keçəcəklər. “British Council” təşkilatı tərəfindən icra olunacaq layihənin dəyəri 193 min manat təşkil edir.

 



23.04.2019 | 15:48