Britaniya məktəblərində pul çatışmır

İngiltərəli müəllimlər şəxsi pullarını  sinif avadanlıqlarının alınmasına  sərf etməli olublar.   Böyük Britaniyanın Məktəb Müəllimləri Milli Assosiasiyasının   (NASUWT)   araşdırmasına görə, hər beş müəllimdən biri  tədris  üçün lazım olan  sinif avadanlıqlarını almaq üçün öz pullarını xərcləyir. " BBC xəbər"-in məlumatına əsasən,  bundan əlavə, İngiltərədəki müəllim həmkarlar  birliyinin 4386  üzvündən  45% -i keçən il bəzi tələbələr üçün mütəmadi olaraq zəruri  əşyalar aldıqlarını da söyləyib. 


Araşdırmada bir müəllim bunları deyib: "Bizə heç bir şey üçün pul olmadığını, bütün şöbələrin büdcələrinin dondurulduğunu və bütün anbarların boş olduğunu söylədilər".  "Əsas resurslar hər semestrin əvvəlində paylanır və hər kəs üçün kifayət deyil, dərslər üçün zəruri olan hər şeyi əldə etmək özümüzə  qalır", - deyə onun həmkarı cavablandırıb.

 

Müəllimlər  təbaşir və markerlərdən tutmuş  parta və masalara qədər  çox şeyləri özləri almaq  məcburiyyətindədirlər.   Müəllimlərdən biri tədqiqatdakı cavabını belə  şərh edib: "Direktorumuz mənim  dərsimi gördükdə lazımi avadanlıqların olmaması səbəbi üçün  aşağı qiymət aldım, baxmayaraq ki,  mən avadanlıqlara  20 funt sərf etmişdim ".

 

"Bizə tez-tez işimizin bir peşə olduğunu deyirlər,  məktəbdə işləmək istəyiriksə, işimizə yalnız gücümüz və ruhumuzu  deyil, həm də pulumuzu sərf etməliyik! Mən bu sözləri təkrar-təkrar eşitməkdən yoruldum və məktəbdən getməyə hazıram ", - deyə müəllimlərdən biri cavabını belə şərh edib.


Məktəblər də dəfələrlə  pul vəsaitlərinin çatışmazlığı ilə bağlı narahatlıqlarını bildiriblər.  Britaniyanın  Büdcə Tədqiqatları İnstitutu  qeyd edir ki, bir təhsilalana düşən xərclər  real olaraq 2010-cu illə müqayisədə 8 faiz azalıb.

 

Böyük Britaniyada 7 min məktəb direktoru məktəblərin  maliyyələşdirməsini   artırmaq məqsədi ilə kampaniyaya başlayıb.  Kampaniya çərçivəsində  onlar  valideynlərə məktub göndərərək məktəbdəki  real vəziyyət barədə onlara  ətraflı məlumat verirlər.

 

Oruc MUSTAFAYEV

 



23.04.2019 | 16:19